“Seda Sayan son günlər atamın müəllifi olduğu “Dəşti” təsnifini tez-tez oxuyur. Türkiyədə bu mahnı “Şeirə-qəzələ” adı ilə gedir. Seda Sayan əslində bu mahnını Ahmet Kaya oxuduğu illərdə oxuyub. Mən mahnının Türkiyədə müəllif hüquqlarını təsdiqləmişəm. Əvvəllər anonim yazılsa da, indi bütün problemlər aradan qalxıb”.


Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib.






O daha sonra bildirib ki, Türkiyədə bu mahnıya böyük maraq var:


“Bugünlərdə yapım şirkətlərindən birindən bizim hüquqlarımızı müdafiə edən vəkilə zəng edərək deyiblər ki, bu mahnını yenidən paylaşmaq istəyirik, amma məbləğ ödəməyə imkanımız yoxdur. Həmin şəxs həyat yoldaşının xərçəng xəstəsi olduğunu deyib. Mən də fikirləşdim ki, ağız açıblar, istəyiblər, eybi yox, qoy paylaşsınlar. İcazədən sonra mahnını paylaşıb yenidən gündəmə gətiriblər. Bu mahnını rəqəmsal platformaya yükləyirlər. Ordan gəlir götürürlər. İcazə alırlar, müəyyən məbləğ ödəyəndən sonra paylaşmağa başlayırlar. Mən də pulsuz-parasız icazə verdim ki, paylaşsınlar. İnsanlıq naminə etdim” deyə o bildirib.


Rəqsanə xanım bu əsərin sözlərinin və musiqisinin atasına məxsus olduğunu bildirib:


“Bu mahnının sözləri də, musiqisi də Əlibaba Məmmədovundur. Sözlərin Əliağa Vahidlə heç bir əlaqəsi yoxdur. Bu mahnını Əqli Mülkiyyət Agentliyində təsdiq edib, şəhadətnaməsini də almışam” deyə o bildirib.