Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" komandasının yer aldığı 5-ci qrupun bütün iştirakçıları müəyyənləşib.
Moderator.az xəbər verir ki, Polşada keçiriləcək bu mərhələnin oyunlarında Azərbaycan təmsilçisi ilə yanaşı "Piast" (Polşa), "Buba Mara" (Bosniya və Herseqovina) və "Uypeşt" (Macarıstan) komandaları güclərini sınayacaqlar.
İlkin mərhələ qarşılaşmalarından sonra C qrupunun qalibi "Buba Mara" (Bosniya və Herseqovina) və D qrupunun lideri "Uypeşt" (Macarıstan) Naxçıvan təmsilçisinin rəqibləri olublar.
Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibi qoşulmalı idi. Lakin həmin qrupda Ermənistan çempionu "Unisport" birinci yeri tutub. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməyəcəyi üçün E yox, D qrupunun birincisi 5-ci qrupa vəsiqə qazanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək və bu göstəricidə yalnız Qazaxıstanın "Kayrat" klubundan geri qalır. Turnir oktyabrın 27-dən noyabrın 1-dək təşkil olunacaq.