“Şəfiqə xanım Əli İsanın qanunsuzluqlarını bizə oxuduqca başımız fırlandı, indi də Həmidə Ömərovanı seçmək istəyirlər”- FOTO+ÖZƏL
30 Aug 2026, 17:02 9 baxış 3 dəq oxuma
“Bir müddət əvvəl Kinematoqrafçılar İttifaqında Hesablama Palatasından gəlib yoxlama işləri apardılar. Daha sonra yoxlamanın nəticələrini ittifaqa yolladılar. Şəfiqə xanım hamımızı yığıb nəticələri oxudu. Orada bir bilsəniz ki, nələr üzə çıxdı?! Biz dəhşətə gəldik. Əli İsa Cabbarov çox böyük yeyintilər edib. Harada imkan varsa oradan pul götürüb. Təmir ediblər, qiyməti artıq yazıb. Tələbə diplom filmi çəkib, o dövlətin bizə ayırdığı pulun bir hissəsini götürüb ona verib ki, sən filmini ərsəyə gətir. Sənin nə ixtiyarın var axı dövlətin pulunu tələbəyə verəsən?! Onlar da filmin sonunda Əli İsaya təşəkkür ediblər. Həmin pul kino ittifaqa sənətçilər üçün ayrılıb. Adam da aparıb sənətçilərin pulunu onlara xərcləyər?! Şəfiqə xanım bütün bunları oxuduqca vallah bizim başımız fırlandı”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə deyib. O daha sonra əlavə edib:
“Əli İsanın ittifaqda qalıb-qalmamasını artıq Şəfiqə xanımdan soruşmayıblar. Əlbəttə ki, Şəfiqə xanım da bundan sonra onun ittifaqda qalmasına şərait yarada bilməzdi. Buna aidiyyatı orqanlar qərar veriblər. Deyiblər ki, ərizəni yaz, çıx. Əli İsa Cabbarov çıxsa da, öz adamlarını altdan-altdan öyrədir. İdarə heyəti qurultay etmək istəyir. Bu dəfə Həmidə Ömərovanı seçmək istəyirlər. Bütün bunların hamısı Əli İsanın sifarişidir. Həmidə xanım layiqdir. O böyük sənətkardır, özü də təmiz insandır. Mən onu Moskvada institutu bitirib gələndən tanıyıram. Sadəcə belə bir idarəni idarə etmək üçün gərək nüfuzun da çox böyük olsun. Çünki elə qapılar var ki, onu sırf nüfuzlu adam döyə bilər. Lətif Səfərov, Həsən Seyidbəyli görün necə nüfuza sahib idilər.. Hələ ki, böyük nüfuza sahib namizəd kimi Şəfiqə xanımı görürəm. O boyda binanı Şəfiqə xanım gedib aldı. O nüfuz, böyük hörmət sahibidir. Şəfiqə xanım hər gün işə gəlib-gedir. Bu söz-söhbətlər olanda belə Əli İsa ilə bəhsə-bəhs girməyib, amma işini görüb” deyə kinoşünas bildirib.