Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım edib. Paylaşımından itkinlərlə bağlı problemə toxunan Hikmət Hacıyev, dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının yerinin müəyyənləşdirilməsi, qalıqlarının aşkar edilərək çıxarılması və identifikasiyası, habelə onilliklər ərzində qeyri-müəyyənlik içində yaşayan ailələrinə nəşlərinin qaytarılması istiqamətində apardığı sistemli fəaliyyətə toxunub. İşğaldan azad edilən torpaqların mina və digər sursatlardan tam təmizlənmədiyinə diqqət çəkən Hikmət Hacıyev, itkin-şəhidlərin axtarışının məhz belə təhlükəli şəraitdə davam etdirildiyini bildirib:
“Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib, 328 itkin şəxsin kimliyi DNT analizi vasitəsilə müəyyənləşdirilib. Bu baxımdan, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların dəfn olunduğu yerlər barədə dəqiq və hərtərəfli məlumatların təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Belə əməkdaşlıq hər şeydən əvvəl humanitar öhdəlikdir və minlərlə ailənin onilliklər boyu yaşadığı qeyri-müəyyənliyə son qoyulması üçün zəruridir. Çətin relyef və hava şəraitinə, habelə minaların və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslar və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirilir”.
Hikmət Hacıyevin açıqlaması hər şeydən öncə Azərbaycanın itkin-şəhidlərinə olan sədaqət və ehtiramından xəbər verir. Məhz bu sevgi, məhz bu ehtiram dövlətimizi riskli şərait və şərtlər altında belə öz vətəndaşlarını axtarmaq, onların taleyinə aydınlıq gətirməyə sövq edir.
İkincisi, itkin-şəhidlərin axtarışı ilə bağlı atılan sistemli addımlar Azərbaycan dövlətinin özünün-özünə, öz ləyaqətinə verdiyi önəmə dəlalət edir. Azərbaycan dövləti müharibə dönəmində olduğu kimi, mina probleminin mövcud olduğu hazırkı dönəmdə də öz vətəndaşlarına sahib çıxmağı, onların aqibətinə aydınlıq gətirməyi özünə borc bilir. Bu səbəbdən də itkinlərlə bağlı məsələni taleyin ümidinə buraxmır, məlum problemin həlli üçün yeni üsul və vasitələr tətbiq edir, yeni metodlar müəyyənləşdirir.
Üçüncüsü, dövlətimizin itkinlərlə bağlı atdığı addımlar onun gözü yolda qalan azərbaycanlı ailələrə, onların həsrət və intizarına verdiyi dəyəri, onların hiss və duyğularına olan həssasiyyəti əks etdirir. Azərbaycan dövləti itkinlərin taleyinə aydınlıq gətirməklə onların ailələrinə mənəvi təsəlli verir, bütün qeyri-müəyyənlikləri ortadan qaldırır, bu ailələrin çoxillik intizarlarına son qoyur. Və illər boyu yüzlərlə şübhə və güman arasında qalan ailələr həqiqəti öyrənməklə mənəvi rahatlığa qovuşur, öz doğmalarının məzar yerini ziyarət etmək imkanına malik olurlar.
Xatırladaq ki, görülən tədbirlər nəticəsində artıq 328 itkin şəxsin kimliyi DNT analizi vasitəsilə müəyyənləşdirilib. Yaxın gələcəkdə dövlətimizin digər itkinlərimizin də taleyinə aydınlıq gətirəcəyi, gözü yolda qalan ailələrə suallarını əminliklə cavablandıracağı şübhəsizdir. Hikmət Hacıyevin qeyd etdiyi kimi, “hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var. Hər bir itkin şəxsin adı var. Hər bir ailə cavab almağa layiqdir”.
Seymur ƏLİYEV