Gürcüstanın Tbilisi şəhərində "Secret Gardens Gallery” də Azərbaycan, Gürcüstan və İran rəssamlarının bir araya gəldiyi sərgi baş tutub. Sərgi mədəniyyətlər arası dialoqun inkişafına təkan vermək məqsədilə keçirilib. Beynəlxalq sərgilər ayrı-ayrı millətlərin bir-biri ilə sənət vasitəsilə əlaqə qurması üçün körpü rolunu oynayır. Həm rəssamın sənət inkişafına, həm də dünyagörüşünə müsbət təsir edir.


Olduqca mötəbər bu sərgidə azərbaycandan tanınmış rəssam Mehriban Alışova da iştirak edib.O təəssüratlarını Moderator.az ilə bölüşüb:








“Azərbaycan, Gürcüstan və İran rəssamlarının bir araya gəldiyi bu sərgidə mən də əsərlərimlə iştirak etdim. Əsərlərimin bu cür möhtəşəm bir beynəlxalq platformada nümayiş olunması mənim üçün həm böyük sevinc, həm də yaradıcılıq yolumda dəyərli bir addımdır.  Sərgidə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimai-siyasi xadimlər, müxtəlif ölkələrdən rəssamlar iştirak edirdilər. Sərgiyə o qədər çox insan gəlmişdi ki.. Həqiqətən də böyük anşlaqla keçdi. Yay vaxtı olduğuna görə Gürcüstana istirahət məqsədilə gələn insanların əksəriyyəti də sərgiyə qatılmışdılar. Azərbaycanın Gürcüstandakı fövqəlada və səlahiyyətli səfiri, cənab Faiq Quliyev də sərgidə iştirak etməli idi, amma müəyyən vacib işlərinin olduğuna görə iştirak edə bilmədi. Amma bir gün sonra o bizi səfirlikdə şəxsən qəbul edib, bizə diqqət göstərdi. Bizim işlərimizlə maraqlandı, səfirlikdə olan rəsmlərə kiçik ekskursiya etdik. Bu sənət adamlarına olan diqqətin bariz nümunəsidir. Bütün bu diqqətlər biz sənət adamlarına, ələxsus da fırça ilə işləyən incə ruhlu insanlara daha da stimul verir. Qarşıdakı aylarda bir neçə beynəlxalq sərgidə də iştirak edəcəyəm” deyə Mehriban Alışova deyib.