Kardioloqlar 50 yaşdan yuxarı qadınların yeməkdən sonra yol verdiyi geniş yayılmış bir vərdişin ürək-damar sağlamlığı üçün arzuolunmaz olduğunu bildiriblər.
Moderator.az xəbər verir ki, bu barədə “Parade” nəşri mütəxəssislərə istinadən məlumat yayıb.
Həkimlərin sözlərinə görə, yaş artdıqca arteriyalar elastikliyini itirə, qan təzyiqi və xolesterin səviyyəsində dəyişikliklər baş verə bilər. Menopozdan sonra estrogen səviyyəsinin azalması da qadınlarda ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.
Kardioloqların diqqət çəkdiyi əsas vərdiş isə yeməkdən dərhal sonra uzun müddət oturmaq və hərəkətsiz qalmaqdır.
Mütəxəssislər bunun əvəzinə yeməkdən sonra 10-15 dəqiqə yüngül gəzinti etməyi məsləhət görürlər. Fiziki aktivlik yeməkdən sonra qanda şəkərin yüksəlməsini nəzarətdə saxlamağa və orqanizmin qlükozadan daha effektiv istifadə etməsinə kömək edə bilər.
Kardioloqlar xüsusilə 50 yaşdan sonra müntəzəm fiziki aktivlik və sağlam qidalanmanın ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayırlar.