FİFA prezidenti Canni İnfantino ilə bağlı 2016-cı ildə aparılmış etik araşdırmanın əvvəllər tam açıqlanmayan detalları üzə çıxıb. Sənədlər futbolun ali qurumunun rəhbərinin Rusiya və Qətər tərəfindən təşkil edilmiş özəl təyyarə səfərlərindən istifadə etdiyini, habelə Roma səfəri zamanı Papa Fransisklə görüş dəvətini şəxsi səfərə çevirdiyini göstərir.
 




Moderator.az “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, britaniyalı jurnalist Sem Uollesin araşdırması Canni Infantinonun FİFA prezidenti seçilməsindən cəmi bir neçə ay sonra onun fəaliyyəti ilə bağlı qurum daxilində yaranmış ciddi narazılıqları yenidən gündəmə gətirib.
 
İnfantino 26 fevral 2016-cı ildə FİFA prezidenti seçilmişdi. Lakin həmin ilin iyununa qədər təşkilatın yüksək vəzifəli şəxsləri onun davranışı ilə bağlı rəsmi şikayətlər təqdim etmişdilər. Nəticədə FİFA-nın Etika Komitəsində araşdırma başlanmış və yeddi mümkün pozuntu araşdırmaya daxil edilmişdi.
 
“The Telegraph”ın əldə etdiyi məlumatlara görə, şikayətlərin mühüm hissəsi özəl təyyarələrdən istifadə, FİFA vəsaitlərinin şəxsi məqsədlərə xərclənməsi, yaxın çevrədən şəxslərin vəzifələrə gətirilməsi və əmək müqaviləsi ilə bağlı mübahisələrə aid olub. Araşdırma nəticəsində İnfantino ittihamların əsas hissəsi üzrə bəraət alıb. Buna görə yeni məlumatlar hazırda FİFA prezidentinin hüquqi və ya etik qaydaları pozduğunun sübutu kimi deyil, həmin dövrdə aparılmış araşdırmanın əvvəllər ictimaiyyətə açıqlanmayan detalları kimi təqdim olunur.

Ən diqqətçəkən epizodlardan biri Rusiya səfəri olub. 2016-cı ilin aprelində İnfantino Moskvaya Vladimir Putinlə görüşmək üçün gedib. Əvvəlcə kommersiya reysi nəzərdə tutulsa da, səfər Rusiya tərəfinin təşkil etdiyi özəl təyyarə ilə həyata keçirilib. İnfantino ilə birlikdə FİFA rəsmisi Mattias Qrafström və həmin dövrdə UEFA-nın yüksək vəzifəli şəxslərindən olan Zvonimir Boban da Rusiyaya gediblər.
 
Putinlə görüşün gecikməsi nəticəsində İnfantino Dohaya nəzərdə tutulan kommersiya reysinə çata bilməyib. Bundan sonra onun səfərinin davamı üçün Rusiya tərəfinin yenidən özəl təyyarə təşkil etdiyi, daha sonra isə Qətərin İnfantinonu Cenevrəyə qaytarmaq üçün özəl bort təqdim etdiyi bildirilir. Bu səfərlərin hamısı 2016-cı il etik araşdırması çərçivəsində nəzərdən keçirilib.
 
Burada maraqlı məqam yalnız təyyarələrin lüks olması deyil. Söhbət dünya futbolunun rəhbərinin həmin dövrdə Dünya çempionatına ev sahibliyi edəcək iki ölkə – Rusiya və Qətərlə münasibətlərindən gedirdi. Rusiya 2018, Qətər isə 2022-ci il dünya çempionatlarına ev sahibliyi edirdi. Buna görə İnfantinonun bu ölkələrin təqdim etdiyi imkanlardan istifadə etməsi FİFA rəhbərliyinin siyasi və biznes əlaqələri baxımından xüsusi həssaslıq yaradırdı...

Daha bir qalmaqallı epizod isə Vatikan səfəri ilə bağlıdır. İnfantino FİFA prezidenti kimi Papa Fransisklə görüşə dəvət edilmişdi. Lakin araşdırmanın ortaya çıxardığı məlumata görə, bu səfər yalnız rəsmi görüşlə məhdudlaşmayıb: İnfantino həyat yoldaşı və yaşlı anası ilə birlikdə Romaya özəl təyyarə ilə gedib. İnfantino səfərin şəxsi xarakter daşıdığını və xərcini özünün ödədiyini bildirsə də, araşdırma sənədlərində FİFA rəsmilərinin səfərin təşkilində iştirak etdiyi göstərilir. “The Times” da bu epizodun FİFA-nın on il gizli saxladığı etik araşdırmada əksini tapdığını yazıb.
 
Araşdırmada İnfantinonun FİFA vəsaitlərindən şəxsi xarakterli xərclər etməsi ilə bağlı iddialar da yer alıb. Bunların arasında FİFA oyunu üçün alınmış altı cüt futbol butsunun ümumi dəyərinin təxminən 942 funt sterlinq olması, həmçinin tədbir üçün "smokinq"(rəsmi axşam mərasimləri, qəbullar və tədbirlər üçün qiyafə, kostyum- S.L.)  alınması kimi xərclər göstərilib. Bundan başqa, onun yaxın çevrəsindən şəxslərin vəzifələrə təyin olunması da araşdırılıb.
 
İnfantinonun əmək müqaviləsi ilə bağlı mövqeyi də diqqət çəkib. O, illik 2 milyon İsveçrə frankı maaş nəzərdə tutan müqaviləni imzalamaqdan imtina edib və təklif olunan məbləği qeyri-kafi hesab edib. Bununla belə, etik araşdırma bu məsələdə də onun əleyhinə qərar çıxarmayıb.

Qeyd edək ki, İnfantinonun Donald Trampla yaxın münasibətləri də 2026-cı il dünya çempionatı zamanı da ayrıca müzakirə mövzusuna çevrildi. ABŞ prezidenti turnir zamanı amerikalı hücumçu Folarin Balogunun qırmızı vərəqəsinin nəzərdən keçirilməsi üçün şəxsən İnfantinoya zəng etdiyini açıqladı və hakimin qərarını kəskin tənqid etdi; daha sonra qırmızı vərəqə ləğv edildi. "Associated Press" bu hadisəni Trampın dünya futboluna siyasi təsirinin ən diqqətçəkən nümunələrindən biri kimi təqdim edib, Avropa Liqaları prezidenti isə bunu idmana görünməmiş siyasi müdaxilə adlandırıb.


İn


Bundan əvvəl İnfantinonun Trampa FİFA-nın ilk “Sülh mükafatı”nı təqdim etməsi də onların münasibətlərinin nə qədər yaxın olduğunu göstəib.. Tənqidçilər hesab edirlər ki, futbolun qlobal idarəçisi ilə ABŞ prezidentinin bu qədər yaxın münasibəti idmanla siyasət arasındakı sərhədləri daha da zəiflədir. "AP" və "The Guardian" da İnfantinonun Trampın siyasi gündəliyinə həddindən artıq yaxınlaşması barədə sualların artdığını qeyd edir.



 
Bütün bunların fonunda əsas sual ortaya çıxır: FİFA-nın rəhbəri dünya futbolunu idarə edir, yoxsa dünya siyasəti ilə qurduğu münasibətlər futbolun idarə edilməsinə təsir göstərir?..
 
İnfantinonun Putinlə görüşləri, Rusiya və Qətərin təqdim etdiyi özəl təyyarələrdən istifadə etməsi və Papa Fransisklə görüş ətrafında yaranan suallar, həmçinin son dünya çempionatı zamanı ABŞ prezidenti Donald Trampın bəzi sifarişlərini faktiki yerinə yetirməsi göstərir ki, müasir futbolda idmanla geo-siyasət arasındakı sərhəd getdikcə daha çox bulanıqlaşır. FİFA prezidentinin özünü bütün dünyanı birləşdirən futbol diplomatiyasının siması kimi təqdim etməsi bir tərəfdən başadüşüləndir. Digər tərəfdən, belə münasibətlər xüsusilə Rusiya, Qətər və digər böyük siyasi oyunçuların dünya futbolunda maraqları nəzərə alındıqda, maraqlar toqquşması barədə sualları qaçılmaz edir.
 
Ən mühüm məqam isə budur: 2016-cı il araşdırmasının nəticəsi İnfantinonun yeddi ittiham üzrə bəraət alması olub. Deməli, yeni açıqlanan sənədlər avtomatik olaraq “İnfantino qanunsuzluq edib” nəticəsini yaratmır. Lakin onların 10 ildən sonra yenidən üzə çıxması FİFA-nın şəffaflığı, rəhbərliyin siyasi əlaqələri və futbolun qlobal idarəçiliyinin nə dərəcədə müstəqil olması barədə çox ciddi suallar doğurur...
 
Sultan Laçın