“Azərbaycan və Ermənistan rəhbərliyi arasında Bişkekdə ŞƏT çərçivəsində keçirilmiş görüşü artıq keçmiş iki düşmən dövlət arasındakı kimi yox, gələcəyə baxan, keçmişdən dərs alaraq bundan sonra ancaq irəliyə baxmağı planlaşdıran iki dövlətin rəhbərliyi arasındakı görüş kimi xarakterizə etmək olar”.
Bunu Moderator.az-a açıqlamasında ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib. Ekspert qeyd edib ki, bu cür görüşlər regionda etibarlı sülhün və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir:
“Məsələ ondadır ki, hər iki ölkə rəhbərlikləri bir-biri ilə çox görüşlər keçirib, danışıqlar aparıb. Amma bu görüş artıq həmin görüşlərdən köklü şəkildə fərqlənir. Çünki hər iki ölkə rəhbərliyi bu görüşə bir-birinə inam hissi ilə gəlib. İki ölkənin birlikdə əməkdaşlıq gələcəyini qurmaq barəsində qətiyyətlidirlər və səmimidirlər.
Dövlətlərin bir-birinə inamının artması xalqların da bir-birinə inamının, etimadının artmasına səbəb olur.
Ermənistan rəhbərliyi parlament seçkilərindən sonra Azərbaycan rəhbərliyi ilə ilk dəfə görüşür. Ermənistan rəhbəri özünün hakimiyyətini bir daha gücləndirdikdən sonra Azərbaycanla son böyük sülh sazişinə hazırlaşır. Paşinyanın və Simonyanın son bəyanatları onu göstərir ki, Ermənistan rəhbərliyi sülh gündəliyindən geri çəkilməyiblər və tezliklə sülhün əldə olunmasında maraqlıdırlar.
Hesab edirəm ki, Azərbaycan tərəfinin səmimi və xoşniyyətli addımları Ermənistan dövləti və xalqı tərəfindən doğru başa düşülür və dəyərləndirilir”.
Seymur ƏLİYEV