Tayvanda qeyri-adi hadisə baş verib. Arvadının ona xəyanət etdiyindən şübhələnən kişi evdəki robot tozsoranın kamerasından istifadə edərək qadını başqa kişi ilə yaxalayıb. Lakin əldə etdiyi görüntülər ona təzminat qazandırmaqla yanaşı, özünün də həbs olunmasına səbəb olub.


Moderator.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri (SCMP) məlumat yayıb.






Hadisə 2023-cü ilin payızında başlayıb. 2021-ci ildə ailə quran kişi bağ evində başqa bir şəxsə aid olduğu ehtimal edilən istifadə olunmuş diş fırçası tapdıqdan sonra həyat yoldaşından şübhələnib.


Daha sonra dayanacaqdakı müşahidə kameralarının görüntülərini yoxlayan kişi əvvəllər həyat yoldaşını evə gətirən başqa bir kişini görüb.


Təxminən üç ay sonra ər bağ evində nə baş verdiyini uzaqdan yoxlamaq qərarına gəlib. O, mobil tətbiq vasitəsilə evdəki robot tozsoranı işə salıb. Məqsədi cihazın rabitə funksiyasından istifadə edərək həyat yoldaşı ilə əlaqə yaratmaq olub.


Lakin robot tozsoranın kamerasında arvadını həmin kişi ilə intim vəziyyətdə görüb. Ər görüntüləri qeydə alaraq sonradan məhkəmədə sübut kimi təqdim edib.


Xəyanətə görə təzminat aldı


Kişi həyat yoldaşına və onun sevgilisinə qarşı mülki iddia qaldıraraq 2 milyon Tayvan dolları (təxminən 68 min ABŞ dolları) təzminat tələb edib.


Məhkəmə xəyanətin baş verdiyi qənaətinə gəlib və cavabdehlərin kişiyə ümumilikdə 500 min Tayvan dolları təzminat ödəməsinə qərar verib.


Lakin hadisə bununla yekunlaşmayıb.


Qadın ərinə qarşı şikayət edərək onun şəxsi həyatına müdaxilə etdiyini və intim görüntüləri razılığı olmadan qeydə aldığını bildirib.


Ər isə görüntülərin mülki məhkəmədə sübut kimi qəbul edilməsini əsas gətirərək hərəkətinin qanuni olduğunu müdafiə edib. Məhkəmə bu arqumenti qəbul etməyib.


Hakimlər bildiriblər ki, nikah münasibətləri şəxsin məxfilik hüququnu aradan qaldırmır. Robot tozsoranın işləyərkən səs və ya işıq siqnalı verməsi də qadının çəkilişdən xəbərdar olması və buna razılıq verməsi kimi qiymətləndirilməyib.


Ər 5 ay həbs cəzası aldı


Nəticədə arvadının xəyanətini sübut edən kişi özü də müttəhim kürsüsünə çıxıb. O, intim görüntüləri icazəsiz qeydə aldığına görə 5 ay müddətinə həbs cəzasına məhkum edilib.


Bundan əlavə, onun 150 min Tayvan dolları məbləğində cərimə ödəməsinə qərar verilib.


Beləliklə, robot tozsoran vasitəsilə əldə edilən görüntülər kişiyə xəyanətə görə təzminat qazandırsa da, şəxsi həyatın toxunulmazlığını pozması sonda özünün cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnib.