İnsanın yeriş sürəti onun sağlamlığı və uzunömürlülüyü haqqında mühüm məlumat verə bilər. Yaponiyalı alimlərin araşdırmasına görə, yaşlı dövrdə normal yeriş tempini qoruyan insanların daha uzun yaşamaq ehtimalı yüksəkdir.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar 60-80 yaş arasında olan insanların yeriş sürətindəki dəyişiklikləri uzun müddət izləyiblər.
Nəticələr göstərib ki, xüsusilə 70 yaşdan sonra yeriş sürətini qorumaq uzunömürlülüklə əlaqəli göstəricilərdən biri ola bilər.
Sağlam gənclərdə yeriş sürəti saniyədə təxminən 1,5 metrə çata bilər. Araşdırmaya görə, 70 yaşında nisbətən yüksək yeriş tempini qoruyan insanların 80 və daha yuxarı yaşlara çatmaq ehtimalı daha yüksəkdir. Yerişin saniyədə 0,5 metrə qədər yavaşlaması isə ümumi fiziki zəifliyin və bəzi sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Özünüzü necə yoxlaya bilərsiniz?
Bunun üçün müəyyən məsafəni normal templə gedərək vaxtı ölçmək mümkündür. Məsələn, 10 metri 10 saniyəyə gedirsinizsə, yeriş sürətiniz saniyədə 1 metrdir.
Alimlər bildirirlər ki, yeriş sadəcə ayaqların fəaliyyəti deyil. Bu proses əzələlərin, oynaqların, sinir sisteminin, ürək və ağciyərlərin koordinasiyalı işləməsini tələb edir. Buna görə yeriş sürəti ümumi sağlamlığın göstəricilərindən biri hesab olunur.
Bununla belə, yeriş sürəti insanın neçə il yaşayacağını dəqiq müəyyən edən test deyil. Yaş, xəstəliklər və ümumi fiziki vəziyyət nəticəyə təsir göstərə bilər.
Mütəxəssislər yaşlı dövrdə müntəzəm gəzinti və digər uyğun fiziki fəaliyyətlərin qorunmasını tövsiyə edirlər.