“Polad Bülbüloğlunun evlənmə xəbəri kökündən yalandır. Kiminsə kimdənsə xoşu gəlmirsə başlayırlar yalan xəbərlər yaymağa. O yaşda adamın təzədən evlənmək nəyinə lazımdır ki? Arvadı var, uşağı var. Nə var, nə var “Xarıbülbül” festivalında Eteri Cəfərova ilə oynayıb. Bu elə bir rəqs idi ki, o həmkarı ilə mütləq oynamalı idi. Oynadı oynadı da. İndi bunları bir-birinə yapışdırmaq lazımdır? Evlənmək nədir? Bu gün sabah 100 yaşı olacaq. Kişi xeylağıdır, kimləsə harasa istirahətə gedibsə, bu o deməkdir ki, evlidirlər?”


Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib. O daha sonra Polad Bülbüloğlunun ünvanına xoşagəlməz ifadələr bildirən bəzi sənət adamlarını sərt tənqid edib:







“Polad Bülbüloğlu haqda mətbuatda bəzi adamlar ağızlarını qoyublar Allah yoluna. Əgər bu insan kiməsə pislik edibsə, o adamın özü istədiyi şeyə layiq idi ki, Polad alıb ona verməyib?! Siz axı bilmirsiz! Kənardan deyilən adamın sözünə qulaq asmaq olmaz.


Kinoteatrlar bir vaxtlar iş adamlarına satıldı və anbara çevrildi. Çox şeylər satıldı. Bulvarda qəşəng yay kinoteatrı var idi. Onu da satdılar. Onda Ulu Öndər Heydər Əliyev əmr verdi, kinonu Polad Bülbüloğluna tapşırdı. “Azərbaycanfilm” kinostudiyası bərbad halda idi. O kinostudiyanı “diriltdi”, kinonun vəziyyəti yaxşılaşdı. Orada nə su var idi, nə də işıq. Onun vaxtında hamısı həll olundu. Sənətkarlar fəxri adlar, mükafatlar aldılar. Bir kitab yazmışdım. Əvvəl işlədiyim yerdəki rəhbər də, onun müavini də dedi ki, bizim də adımız kitabda olmalıdır. Mən buna icazə vermədim deyə onlar kitabı çap etmədilər. Bunu eşidən Polad Bülbüloğlu mənə kömək etdi və iki cildlik kitab çap etdirdi. Adam üçün nə edərlər?! Daha sonra mənim bir neçə kitabımı da çap etdirdi. Onun gördüyü işlər bununla bitmir. Vaxtilə Böyük Vətən Müharibəsində Azərbaycanın kinematoqrafçıları iştirak etmişdilər. Ölən ölmüşdü, yaralanan yaralanmışdı. Təklif verdim ki, kinostudiyada divarlardan birində memorial abidə hazırlansın və onların adları həmin lövhəyə yazılsın.


30-dan çox adam olardı. Polad Bülbüloğlu tapşırıq verdi və həmin memorial abidə hazırlandı. Böyük və təntənəli açılışı oldu. Bu adam nə etməlidir?! Amma elə sənətkar var ki, Xalq artisti fəxri adı almaq istəyir.. Nə olsun ki, istəyir! Sən ona layiqsən bəyəm?! Bir “bezdarnıy” film çəkib, fəxri ad istəyir. Buna görə Polad Bülbüloğlu nə etsin?!” deyə o bildirib.