"Kremlin İrəvanda xaos yaratmaq üçün yeganə rıçaqı erməni ordusundakı gizli şəbəkələr ola bilər... " 
 




 Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci yubiley sammiti çərçivəsində, Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün günün ikinci yarısında(Bakı vaxtı ilə təxminən günorta saatlarında) keçiriləcək təkbətək görüş regional geo-siyasətin ən gərgin nöqtəsinə çevrilib. 
 
Moderator.az-ın Ermənistan, Rusiya və Qərb mənbələrindən əldə etdiyi  eksklüziv təhlillərə görə, bu görüş sadəcə iki liderin dialoqu deyil, Moskvanın İrəvana qarşı açıq şəkildə masaya qoyduğu rəsmi və qeyri-rəsmi "qırmızı xətlərin" toqquşmasıdır. 
 
Kremlin "Köçəryan demarşı": istintaq təcridxanasına siyasi dəstək...
 
Görüş ərəfəsində ən böyük gərginlik mənbəyi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın avqustun 25-də müvafiq korrupsiya və cinayət işləri çərçivəsində oğlu Sedrak Köçəryanla birlikdə həbs edilməsi və avqustun 27-də barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsidir.
 
 Avqustun 31-də Köçəryanın 72 illik yubileyi münasibətilə Vladimir Putin birbaşa istintaq təcridxanasına təbrik teleqramı yollayıb. Rusiya lideri məktubda eks-prezidentə "üzləşdiyi sınaqlar qarşısında dözümlülük" arzulayıb və onun Moskva-İrəvan xəttindəki xidmətlərinin unudulmadığını vurğulayıb.  
 
Peskov və Uşakovun anonsu...
 
Kremlin mətbuat katibi Dmitri Peskov "Vesti"yə açıqlamasında Paşinyanla görüşdə Ermənistandakı müxalifət liderlərinin həbsi mövzusunun "əlbəttə, mütləq" müzakirə ediləcəyini bəyan edib. Prezidentin köməkçisi Yuri Uşakov da bu həbsləri tənqid edərək mövzunun danışıqlar masasında mərkəzi yer tutacağını bildirib. 
 
İqtisadi ultimatum: Aİ referandumu və Aİİ divarları...  
 
Görüşün ikinci və bəlkə də ən strateji mövzusu Ermənistanın Avropa İttifaqına inteqrasiya və ölkədə planlaşdırılan Aİ-yə üzvlük referendumudur. Dmitri Peskov artıq bəyan edib ki, Putin bu görüşdə Rusiyanın arqumentlərini Paşinyanın diqqətinə çatdıracaq. Moskvanın əsas tezi budur: Ermənistan həm Aİ-yə inteqrasiya edib, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) iqtisadi imtiyazlarından, ucuz qaz və gömrük güzəştlərindən eyni anda yararlana bilməz. Rusiya tərəfi bunu hüquqi baxımdan qeyri-mümkün hesab edir və İrəvana faktiki olaraq iqtisadi seçim ultimatumu verməyə hazırlaşır. 
 
İrəvanın "qorxmazlıq" taktikası və Qərb kəşfiyyatının dəstəyi...
 
Hərbi-siyasi ekspertlərin rəyinə görə, Paşinyan Putinin Köçəryana davamlı siyasi jestlərindən çəkinsəydi, sammit ərəfəsində eks-prezidenti və onun yaxın çevrəsini (o cümlədən Serj Sərkisyanı) həbsə yollamaz. 
Moskvanın Ermənistanda güvəndiyi radikal müxalifət liderləri hazırda dəmir barmaqlıqlar arxasındadır. Siyasi təhlilçilər qeyd edirlər ki, Kremlin İrəvanda xaos yaratmaq üçün yeganə rıçaqı erməni ordusundakı gizli şəbəkələr ola bilər( Bu mövzuda növbəti yazılarımızda geniş danışacağıq-S.L.)...
 
Vaşinqton və Brüssel bu ssenariləri qabaqlamaq üçün Rusiya kəşfiyyatının Ermənistana yönəlik bəzi planlarını operativ şəkildə Paşinyan hökuməti ilə bölüşür. 
 
Azərbaycan üçün nəticələr: Sülh Sazişi nə vaxt imzalanacaq?
 
Azərbaycan tərəfi üçün bu gərginliyin ən mühüm tərəfi sülh prosesidir. Dünən, yəni 31 avqustda Bişkekdə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan ikitərəfli təmaslar sülh sazişinə doğru atılan addımların intensivləşdiyini göstərir.
 
Ekspert Elxan Şahinoğlunun fikrincə, Rusiyanın bu ağır iqtisadi və siyasi təzyiqlərini tamamilə neytrallaşdırmağın yeganə yolu Paşinyanın cəsarət nümayiş etdirərək Azərbaycan və Türkiyə ilə sülh quruculuğunu sürətlə tamamlamasıdır. Çünki bölgədə sülhün bərpası və regional kommunikasiyaların açılması Ermənistanı Moskvanın iqtisadi cəza rıçaqlarından qoruyan ən güclü geo-siyasi qalxan olacaq.