Danimarkalı alimlərin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu piylənmənin qanda şəkərin yüksək səviyyəsini müəyyən edən beyin mexanizmini sıradan çıxardığını aşkar edib.
 




Bu barədə "Nature Communications" nəşri məlumat yayıb.
 
Bioloqlar yağlı qidaların hipotalamus neyronlarının funksiyasını pozaraq 2-ci tip şəkərli diabetin inkişafına necə zəmin yaratdığını izah ediblər.
 
Sınaqlar çərçivəsində mütəxəssislər siçanlara aid 75 mindən artıq beyin hüceyrəsini tədqiq ediblər. Standart qidalanma rejimində olan gəmiricilərdə qlükoza səviyyəsinin artması böyümə hormonu istehsal edən neyronların fəaliyyətini zəiflədirdi (yüksək şəkər səviyyəsi zamanı böyümənin stimullaşdırılmasına ehtiyac qalmır) və beynin qidalanmasını təmin edən qlial hüceyrələrin müdafiə mexanizmini işə salırdı.
 
Ancaq səkkiz həftə ərzində yağlı qidalarla qidalanan heyvanlarda bu proses tamamilə dəyişib: beyin ya şəkər bolluğuna reaksiyanı tamamilə dayandırıb, ya da böyümə hormonunun istehsalını stimullaşdırıb.
 
Tədqiqatçıların qənaətinə görə, belə bir pozuntu sinir sisteminin "metabolik çevikliyini" itirməsinə gətirib çıxarır.
 
"Əldə etdiyimiz məlumatlar sübut edir ki, beynin mühüm mərkəzləri xroniki şəkər artıqlığını hiss etmək qabiliyyətinə malikdir, lakin piylənmə halında bu aşkarlama sistemi ciddi şəkildə zədələnir", - deyə tədqiqatçılardan biri bildirib.
 
Bioloqlar əlavə ediblər ki, insanlarda qlükoza göstəriciləri ilə əlaqəli olan genetik fərqliliklər məhz aşkar edilmiş neyronlarda fəaliyyət göstərən genlərin ətrafında toplanır. Bununla da əldə olunan nəticələrin insan orqanizmi baxımından klinik əhəmiyyəti təsdiqlənir.
 
Adətən hipotalamus və beyin sütunu iştahanın və enerji sərfiyyatının tənzimlənməsində əsas mərkəzlər kimi qəbul edilir. İndiyədək elmə məlum idi ki, beyin bədəni şəkər səviyyəsinin təhlükəli həddə enməsindən müvəffəqiyyətlə qoruyur, amma şəkər bolluğuna cavab mexanizmi naməlum qalırdı.
 
Son araşdırma təkcə orqanizmdə daxili qlükoza "detektoru"nun olmasını təsdiqləməklə kifayətlənməyib, həm də onun zədələnməsinin artıq çəki problemi ilə birbaşa əlaqəli olduğunu ortaya qoyub.
 
Tədqiqatçıların fikrincə, həmin neyronların həssaslığının bərpa edilməsi piylənməyə qarşı müalicədə tamamilə yeni istiqamətə çevrilə bilər. Gələcəkdə kəşf olunacaq dərmanlar beynin şəkər miqdarını düzgün analiz etmək qabiliyyətini bərpa edərsə, bu, metabolik xəstəliklərə qarşı mübarizəni hazırkı metodlarla müqayisədə xeyli daha səmərəli edə bilər. /Oxu.az/