"Əslində bu savadsız milyonçunun və ona belə şərait yaradanların varlığı qorxulu deyil; bu, biz insanlar üçün dünya həyatında sadəcə bir sınaq, imtahan vasitəsidir. Qorxulu olan..."
-3 CÜMLƏ İLƏ BİR İBRƏT...-
Son vaxtlar çoxları üçün gülməli, əslində isə tragikomik — yəni faciə içində gülməli olan çıxışlarıyla gündəmdə qalan, "Mən çobanam, alimlərə pul verirəm, onlar mənə işləyir", "Hərf tanımıram, savadsızam" deyən qeyri-rəsmi oliqarx Şərurlu İsfəndiyarı görəndə yadıma Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın hədisləri düşür...
Azərbaycanın hazırkı gerçəkliyinə tam uyğun gələn bu “fərasətli kişi”nin həyat tərzindən nəticə çıxarmalı ən uyğun hədis budur: “Qiyamət yaxınlaşanda dünənin ayağıyalın, paltarsız qoyun çobanları hündür binalar ucaltmaqda yarışacaqlar"...”
İsfəndiyar kişinin 75 yaşında həm 150 il yaşamaq planı, həm də milyonların içində "pul çox şeyi həll edir" fəlsəfəsi bu hədisin də canlı sübutudur:“Adəm övladı qocalar, lakin onun iki xisləti həmişə gənc qalar: Yaşamaq (uzun ömür) həvəsi və var-dövlət hərisliyi..."
P.S. Əslində savadsız milyonçu Şərurlu İsfəndiyarın və ona belə şərait yaradanların varlığı qorxulu deyil; bu, biz insanlar üçün dünya həyatında sadəcə bir sınaq, imtahan vasitəsidir. Qorxulu olan — belələrinin əməllərindən ibrət götürmək əvəzinə, onları həqiqətən “fərasətli oğlan” sanıb, “bacarana can qurban” prinsipi ilə öz həyat idealına çevirməkdir...