Londonun "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta adını İngiltərə Premyer Liqasının tarixinə yazdırıb.
 




Moderator.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Aston Villa"ya qarşı keçirilən gərgin səfər matçında (1:0) "Arsenal"ın sükanı arxasında Premyer Liqadakı 250-ci yubiley oyununa çıxıb.
 
Bu göstərici ilə Arteta İngiltərə çempionatında həm futbolçu, həm də baş məşqçi qismində 250 və daha çox matçda iştirak edən iki şəxsdən birinə çevrilib. Xatırladaq ki, o, yaşıl meydanlarda futbolçu kimi "Everton" və "Arsenal" formaları ilə ümumilikdə 284 Premyer Liqa görüşündə çıxış edib. Nəticədə, ispaniyalı mütəxəssisin bu nüfuzlu turnirdə həm oyunçu, həm də məşqçi kimi keçirdiyi matçların ümumi sayı 534-ə yüksəlib.
 
Tarixi nəticəyə imza atan Arteta hazırda bu göstəricidə yalnız Uels futbolunun tanınmış siması Mark Hyuzdan geri qalır. Qeyd edək ki, Hyuz Premyer Liqada futbolçu kimi 297, baş məşqçi kimi isə 466 dəfə meydana çıxıb.
 
Xatırladaq ki, Mikel Arteta 2019-cu ildən etibarən "Arsenal"a rəhbərlik edir. Onun fəaliyyəti dönəmində paytaxt təmsilçisi İngiltərə Kubokuna və üç dəfə İngiltərə Superkubokuna sahib çıxıb. Ötən mövsüm isə Arteta "Arsenal"ı 22 illik fasilədən sonra Premyer Liqa çempionluğuna daşıyıb.