Ironman triatlon yarışına hazırlaşan 31 yaşlı amerikalı idmançı Conatan Bruni məşq zamanı gözlənilməz timsah hücumuna məruz qalıb. O, əvvəlcə suda gördüyü iri silueti üzən ağac zənn edib.


Moderator.az "LadBible" nəşrinə istinadla xəbər verir ki, hadisə avqustun 23-də Cənubi Karolina ştatında yerləşən Savanna çayında baş verib. Bruni digər üzgüçülərlə məşq edərkən timsah qəfil onun qolundan yapışıb.






İdmançı heyvanın çənələri arasında qaldığını anlayan kimi panikaya düşməyib. O, timsahın başından tutaraq baş barmağı ilə göz nahiyəsinə təzyiq edib. Yırtıcı çənələrini açdıqdan sonra Bruni sudan çıxaraq sahilə çatıb.


Hadisə nəticəsində idmançının qolunda ciddi qanaxma yaranıb. Onun məşq yoldaşlarından biri təcili yardım gələnədək qanaxmanı dayandırmaq üçün müvəqqəti turniket tətbiq edib.


Xəstəxanada aparılan müayinə zamanı timsahın dişlərinin yalnız dərini zədələdiyi, əzələ və vətərlərə ciddi xəsarət yetirmədiyi müəyyənləşib. Bruni hadisəni “timsah lotereyasında qələbə” kimi qiymətləndirib.


İdmançı üzgüçülüyü dayandırmaq niyyətində olmadığını bildirib. Bununla belə, hadisə vəhşi sularda məşq edənlər üçün ciddi xəbərdarlıqdır: belə ərazilərdə yırtıcıların ola biləcəyini nəzərə almaq və təhlükəli heyvanla qarşılaşdıqda mümkün qədər ehtiyatlı davranmaq vacibdir.