“Çin və Rusiya ŞƏT vasitəsilə həm regionda təsirlərini artırır, həm də dünyaya siyasi mesajlar verirlər...”

Beynəlxalq məsələlər üzrə siyasi analitik, siyasət üzrə fəlsəfə doktoru Teymur Qasımlı Moderator.az-a açıqlamasında Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son sammitinin regional və qlobal proseslər baxımından əhəmiyyətini dəyərləndirib.






Ekspertin sözlərinə görə, ŞƏT ilkin olaraq əsasən iqtisadi əməkdaşlıq və regional maraqların təmin olunması məqsədi daşıyan bir təşkilat kimi formalaşsa da, son illərdə onun gündəliyində siyasi və geo-siyasi məsələlərin çəkisi artıb:


“Şanxay Əməkdaşlıq Təşkilatı ümumilikdə regional təşkilatdır və əsas məqsədlərindən biri iqtisadi maraqların və əməkdaşlığın təmin olunmasıdır. Lakin sonrakı mərhələlərdə təşkilat tədricən siyasi məsələləri də gündəliyinə daxil etməyə və müəyyən siyasi mövqelər ortaya qoymağa başlayıb.


Bu təşkilat daxilində əsas təsir imkanlarına malik dövlətlər Çin və Rusiyadır. Xüsusilə son illərdə Pekin və Moskvanın ŞƏT çərçivəsində öz siyasi və geosiyasi maraqlarından istifadə edərək beynəlxalq siyasətdə müəyyən təsir imkanları yaratmağa çalışdığını görürük.


Əvvəllər ŞƏT-in əsas ağırlıq mərkəzi Mərkəzi Asiya regionu idi. Sonradan Çin və Rusiyanın təsirinin artması ilə təşkilatın fəaliyyət coğrafiyası və siyasi əhəmiyyəti də genişlənməyə başladı. Pekin və Moskva bu platformadan həm region dövlətləri ilə münasibətlərdə öz təsirlərini artırmaq, həm də digər qlobal güclərə müəyyən mesajlar vermək üçün istifadə edirlər.


Təşkilata yeni üzvlərin qoşulması da onun beynəlxalq səviyyədə tanınmasını və siyasi çəkisini artırıb. Bu baxımdan Azərbaycanın, NATO üzvü olan Türkiyənin və İranın ŞƏT-də təmsil olunması, təşkilatın tədbirlərində iştirakı mühüm amildir.


Lakin Şanxay Əməkdaşlıq Təşkilatını Avropa İttifaqı, Avropa Şurası, BMT və ya NATO kimi vahid siyasi və təhlükəsizlik bloku ilə müqayisə etmək düzgün olmaz. ŞƏT-də əsas istiqamətlərdən biri iqtisadi əməkdaşlıqdır. Üzv dövlətlərin maraqları da kifayət qədər fərqlidir. Bu səbəbdən təşkilat vahid siyasi mövqedən çıxış edən və sərt institusional mexanizmlərə malik birlik deyil.


Bununla belə, son illərdə Çin və Rusiyanın təşkilat çərçivəsində fəallığının artması ŞƏT-ə dünya siyasətində daha böyük diqqət ayrılmasına səbəb olub. Təşkilatın genişlənməsi və müxtəlif siyasi-iqtisadi maraqlara malik dövlətlərin burada təmsil olunması ŞƏT-in diplomatik platforma kimi əhəmiyyətini artırır.


Bütövlükdə hesab edirəm ki, ŞƏT-i hazırda dünya siyasətində vahid və alternativ qlobal güc mərkəzi kimi qiymətləndirmək hələ tezdir. Təşkilat daxilində maraqların müxtəlifliyi kifayət qədər böyükdür. Buna görə də ŞƏT-in qlobal proseslərə təsirini daha çox diplomatik platforma və siyasi manevr imkanları baxımından qiymətləndirmək lazımdır.


Məsələn, 31 avqust–1 sentyabr tarixlərində keçirilən Bişkek sammiti çərçivəsində Çin, Rusiya və Hindistan liderlərinin, həmçinin Rusiya-Türkiyə və Rusiya-İran təmaslarının regiondakı proseslərə müəyyən təsiri ola bilər. Belə görüşlər dövlətlərə həm ikitərəfli münasibətləri müzakirə etmək, həm də beynəlxalq və regional məsələlərlə bağlı mövqelərini çatdırmaq imkanı verir.


Hazırda dünyada gedən əsas proseslərə — xüsusilə Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdəki qarşıdurmalara və ABŞ-İran münasibətlərindəki gərginliyə gəldikdə isə, ŞƏT-in bu proseslərə həlledici təsir göstərmək imkanları məhduddur.


Məsələn, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ŞƏT çərçivəsində müəyyən diplomatik təşəbbüslərin səsləndirilməsi mümkündür. Lakin təşkilatın bu müharibənin gedişinə və nəticəsinə birbaşa, həlledici təsir göstərə biləcək vahid mexanizmə malik olduğunu söyləmək olmaz.


Eyni fikri Yaxın Şərqdəki proseslərə də aid etmək mümkündür. İsrail-İran qarşıdurması, ABŞ və İsrailin İrana münasibətdə siyasəti, eləcə də ümumilikdə Yaxın Şərqdə baş verən hadisələr baxımından ŞƏT müəyyən siyasi mövqe nümayiş etdirə və diplomatik çağırışlar səsləndirə bilər. Ancaq təşkilatın bu proseslərin istiqamətini köklü şəkildə dəyişdirəcək təsir imkanları hazırda məhduddur.


Ona görə də Bişkek sammitini daha çox müxtəlif güc mərkəzləri arasında diplomatik manevrlər və siyasi dialoq baxımından qiymətləndirmək lazımdır. ŞƏT-in əhəmiyyəti artır, lakin onu hələlik dünya siyasətində vahid hegemon və ya Qərb institutlarına tam alternativ olan təşkilat kimi təqdim etmək doğru olmaz.


ŞƏT-in gələcəkdə qlobal proseslərdə daha fəal rol oynayıb-oynamayacağı isə ilk növbədə Çin və Rusiyanın təşkilat daxilindəki təsirindən, eləcə də digər üzv dövlətlərin öz maraqlarını hansı səviyyədə uzlaşdıra bilməsindən asılı olacaq...”