“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışı dövlətimizin sülh və ədalətə olan münasibətini ifadə edir”.
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı işğal dönəmində BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrasında heç bir rol oynamadığına diqqət çəkib:
“Prezident İlham Əliyev çıxışında Azərbaycanın vaxtiylə üzləşdiyi işğal probleminə, bu problem fonunda BMT-nin qəbul etdiyi qətnamələrə toxundu. Dövlət başçısı vurğuladı ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamadı və həmin qətnamələr nəhayətdə Azərbaycanın özü tərəfindən yerinə yetirildi. Nəticədə, dövlətimizin suverenliyi təmin edildi, Azərbaycana qarşı tarixi ədalətsizlik ortadan qaldırıldı.
Dövlət başçısı bu gün Azərbaycanla Ermənistan arasında de-fakto sülhün mövcudluğuna da toxundu.Prezident bildirdi ki, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.
Təbii ki, uzun illər müharibə və münaqişə bölgəsi olan Cənubi Qafqazda sülhün çiçəklənməsi hər şeydən öncə Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. O siyasət ki, 2020-ci ilin Vətən müharibəsi nəticəsində dövlətimizin tarixi qələbəsini təmin etdi, regiona yeni status-kvo gətirməklə sülh üçün ciddi, fundamental zəmin yaratdı.
Artıq hər kəs – dünya dövlətləri, beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin sülh siaysətinə şahidlik etməkdədir. Hansı ki, bu siyasətin yalnız Azərbaycana deyil, bütün regiona təhlükəsizlik və tərəqqi gətirəcəyi, Cənubi Qafqaz xalqlarının sosial rifahının yüksəlməsinə öz mühüm töhfəsini verəcəyi şübhəsizdir”.
Seymur ƏLİYEV