Polşa Prezidenti Karol Navrotski Almaniyadan İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən törədilən cinayətlərə görə təzminat tələbini yenidən gündəmə gətirib.


Moderator.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.






Polşaya alman hücumunun 87-ci ildönümü münasibətilə çıxış edən Navrotski məsələ ilə bağlı qətiyyətli danışıb:


“Çox gözəl sözlər deyil, real əməli addımlar lazımdır. Polşaya təzminat ödənilməlidir. Varşava Almaniyadan alacağı vəsaiti öz silahlı qüvvələrinin və müdafiə sənayesinin ehtiyaclarına yönəldə bilər ki, bu da Qərb kreditlərindən asılılığı aradan qaldırar. Bu yolla təzminatlar həm də Avropanın təhlükəsizliyinə xidmət edə bilər. Bu gün Polşa və Almaniyanın ortaq düşməni var – Rusiya Federasiyası. O, bütün regionda vəziyyəti gərginləşdirir və əsrlər, onilliklər əvvəl olduğu kimi yenidən ölüm gətirir”.


Həmçinin Navrotski İkinci Dünya müharibəsi illərində 6 milyona yaxın Polşa vətəndaşının həlak olduğunu xatırladıb ki, bu da həmin dövrdəki əhalinin 17 faizi demək idi. Qurbanların təxminən 90 faizini isə dinc sakinlər təşkil edib.


Qeyd edək ki, Almaniya tərəfi Polşanın bu təzminat tələblərini rədd edib.