İran ABŞ-ın ölkə ərazisinə endirdiyi yeni zərbələrə cavab olaraq Yaxın Şərqdəki Amerika hədəflərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücuma başlayıb.
Moderator.az xəbər verir ki, İran mediası ölkənin silahlı qüvvələrinin ABŞ-ın bölgədəki hərbi obyektləri və maraqlarını hədəfə aldığını bildirib.
“Fars” agentliyinin məlumatına görə, İran raketləri və pilotsuz uçuş aparatları “düşmən mövqeləri” istiqamətində buraxılıb. “Tasnim” isə əməliyyatın ABŞ-ın son hücumlarına cavab olaraq həyata keçirildiyini yazıb.
Hücumların dəqiq miqyası və mümkün itkilər barədə hələlik tam məlumat yoxdur.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İran İslam İnqilabı Keşikçiləri Korpusunun obyektlərinə yeni zərbələr endirildiyini açıqlayıb. Vaşinqton bunu Hörmüz boğazında kommersiya gəmilərinə və bölgədəki ABŞ qüvvələrinə qarşı hücum cəhdlərinə cavab kimi əsaslandırıb.
Gərginliyin yenidən artması fonunda ABŞ-ın Qüdsdəki səfirliyi Yaxın Şərqdəki Amerika vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib. Onlara yüksək sayıqlıq nümayiş etdirmək, mümkün aviareys ləğvləri, hava məkanlarının bağlanması və digər səyahət məhdudiyyətlərinə hazır olmaq tövsiyə edilib.
Bölgədə vəziyyət gərgin olaraq qalır.