Xəbəri İsrail və ABŞ mediası da təsdiqləyib...
İranın Hörmüzqan əyalətinin Sirik rayonunun Kuhestək şəhərində toy mərasimi keçirilən yaşayış evinin ABŞ-ın hava zərbəsinə məruz qalması nəticəsində ən azı 5 nəfər həlak olub, yaralananların sayı isə 68-ə çatıb. Ölənlər arasında azyaşlı uşağın da olduğu bildirilir. İran rəsmilərinin ilkin açıqlamasında 2 ölən və 50 yaralanan barədə məlumat verilsə də, sonrakı saatlarda itkilərin sayı artıb.
Moderator.az bu haqda İran və digər xarici mənbələrə istinadla xəbər verir:
Toy məclisində ABŞ zərbəsi nəticəsində həlak olmuş uşaqlardan birininn cəsədi...("Mehr")
Hücum 1 sentyabr 2026-cı il, çərşənbə axşamı İranın cənubunda ABŞ-ın həyata keçirdiyi yeni hava əməliyyatları zamanı baş
verib.
“Reuters” ABŞ-ın həmin gün İran ərazisində yeni hava zərbələri həyata keçirdiyini, ABŞ Mərkəzi Komandanlığının isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava hücumundan müdafiə sistemləri, radarları, dəniz imkanları, mina yerləşdirmə infrastrukturu və rabitə obyektlərinin hədəfə alındığını açıqladığını bildirir.
İranın dövlət agentliyi “IRNA” əvvəlcə Hörmüzqan qubernatorunun müavini Əhməd Nəfisiyə istinadla 2 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını açıqlayıb. Daha sonra İran Qızıl Ayparası hücum nəticəsində 4 nəfərin öldüyünü və 50-dən çox şəxsin yaralandığını bildirib. Ölənlər arasında azyaşlı uşağın olduğu da açıqlanıb.
Sonrakı məlumatlarda ölənlərin sayı 5 nəfər kimi göstərilməyə başlayıb. ABŞ-ın “Associated Press” agentliyi İran rəsmilərinə istinadla toy keçirilən evə zərbə nəticəsində 5 mülki şəxsin öldüyünü və 60-dan çox insanın yaralandığını yazıb. “Reuters” isə son məlumatında İran Qızıl Ayparasının 5 ölüm, 50 yaralanma, “IRNA”-nın isə 68 yaralanma barədə məlumat verdiyini qeyd edib.
Rusiya mediası da hadisəni təsdiqləyib. TASS əvvəlcə Sirikdə ABŞ zərbəsi nəticəsində 4 nəfərin öldüyünü və ən azı 50 nəfərin yaralandığını yazıb. “RİA Novosti” isə sonrakı yenilənmədə yaralıların sayının 68 nəfərə yüksəldiyini bildirib.
Avropa mediasında hadisə ABŞ-İran qarşıdurmasının 1 sentyabrda kəskinləşməsinin ən ağır mülki nəticələrindən biri kimi təqdim olunur.
“The Guardian” İran dövlət televiziyasına və Qızıl Ayparaya istinadla əvvəlcə 2, daha sonra 4 nəfərin öldüyünü, ölənlərdən birinin uşaq olduğunu və 50-dən çox şəxsin yaralandığını yazıb. Nəşr hadisəni ABŞ-ın Hörmüz boğazı ətrafındakı İran mövqelərinə zərbələri fonunda təqdim edir.
ABŞ tərəfi isə toy mərasiminin qəsdən hədəfə alındığını təsdiqləmir. “Associated Press”-in məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı zərbələr nəticəsində mülki itkilər barədə İran rəsmilərinin açıqlamalarından xəbərdar olduğunu bildirib. Vaşinqtonun əsaslandırmasına görə, əməliyyat İranın Hörmüz boğazında gəmiçiliyə təhlükə yaratması və ABŞ qüvvələrinə qarşı hücumlarla bağlı olub.
İsrail mediası da hadisəni İran mənbələrinə istinadla yayıb. “The Jerusalem Post” “IRIB”-ə istinadla Kuhestəkdə toy mərasiminə ABŞ zərbəsi nəticəsində 4 nəfərin öldüyünü və 63 nəfərin yaralandığını bildirib. Nəşr hadisəni ABŞ-ın Hörmüz boğazı ətrafında İran hədəflərinə qarşı həyata keçirdiyi əməliyyatın tərkibində təqdim edib.
İsrailin “Times of Israel” nəşri də ABŞ-ın Hörmüz boğazı ətrafında İran hədəflərini vurduğunu və İran rəsmilərinin bu zərbələrdən birinin toy mərasiminə düşdüyünü bildirdiyini yazıb. Nəşrin məlumatına görə, İranın cavab zərbələri zamanı İordaniya, Bəhreyn və İraqdakı ABŞ obyektləri də hədəfə alınıb.
Hadisənin baş verdiyi gün ABŞ və İran arasında qarşıdurma ciddi şəkildə genişlənib. ABŞ hərbi qüvvələri İranın müxtəlif hərbi obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb. Tehran isə cavab olaraq ABŞ-ın regiondakı mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
“Reuters” bu qarşıdurmanı həftələrlə davam edən nisbi sakitlikdən sonra ən ciddi eskalasiya kimi qiymətləndirir.
İran tərəfi ABŞ-ın hücumlarına sərt cavab veriləcəyini bəyan edib. İran İnqilab Keşikçiləri Korpusu(SEPAH) ABŞ-ın zərbələrindən sonra regiondakı Amerika obyektlərinə qarşı cavab əməliyyatlarının başladığını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə Tehran yeni hücumlara əl atacağı təqdirdə daha sərt zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib.
S.Laçın