Erməni keçmiş diplomat iddia edir ki, Rusiya sərhədçilərinin çıxarılması Türkiyəyə Ermənistan ərazisi ilə bağlı yeni imkanlar yarada bilər...
 




Edqar Qazaryan: "Rusiya sərhədçiləri çıxarsa, Ermənistan-Türkiyə sərhədi hüquqi olaraq yox olacaq..."
 
Ermənistanın keçmiş diplomatı və Polşadakı sabiq səfiri Edqar Qazaryan Rusiya sərhədçilərinin ölkədən çıxarılmasının Ermənistan-Türkiyə sərhədinin hüquqi statusuna təsir göstərə biləcəyini iddia edib.
 
Moderator.az xəbər verir ki, Qazaryan bu fikirləri Ermənistanın NEWS.am saytına açıqlamasında səsləndirib. 
 
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin fəaliyyətini mərhələli şəkildə dayandırmaq siyasəti ciddi hüquqi və təhlükəsizlik nəticələri yarada bilər.
 
Qazaryan daha əvvəl də bu məsələyə toxunaraq bildirib ki, Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı Rusiya-Ermənistan razılaşmaları ləğv olunarsa, Ermənistan-Türkiyə sərhədinin hüquqi statusu məsələsi ortaya çıxa bilər.
 
Erməni "Pastinfo" nəşri 2025-ci ilin aprelində Qazaryanın daha sərt açıqlamasını dərc etmişdi.  O zaman keçmiş diplomat iddia etmişdi ki, “Ermənistan-Türkiyə sərhədi hüquqi baxımdan yox olacaq” və bunun Türkiyəyə Ermənistan ərazisi ilə bağlı əlavə imkanlar verə biləcəyini söyləmişdi. 
 
Bu arada Ermənistan Rusiya sərhədçilərinin fəaliyyət dairəsini artıq mərhələli şəkildə azaldıb.
 
168.am yazır ki, 2025-ci il martın 1-dən Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət edir. 2026-cı ilin əvvəlindən isə “Ağurik” keçid məntəqəsində də Rusiya sərhədçiləri Ermənistan qüvvələri ilə əvəzlənib. 
 
Ermənistan hakimiyyəti bu prosesi dövlət sərhədləri üzərində suveren nəzarətin gücləndirilməsi kimi təqdim edir. Buna görə də Qazaryanın mövqeyi ilə İrəvanın rəsmi yanaşması arasında ciddi fərq yaranır.
 
Qeyd edək ki, Rusiya sərhədçilərinin çıxması Ermənistan-Türkiyə dövlət sərhədinin avtomatik olaraq hüquqi baxımdan ləğv edilməsi demək deyil. Bu sərhədin mövcudluğu ilə sərhədin hansı dövlətin qüvvələri tərəfindən mühafizə olunması ayrı-ayrı hüquqi məsələlərdir.
 
Bununla belə, Qazaryanın açıqlaması Ermənistanın Rusiya ilə təhlükəsizlik münasibətlərindən uzaqlaşmasının yaratdığı geo-siyasi mübahisələrin yeni istiqamətini göstərir. Rusiya sərhədçilərinin ölkədəki rolunun azalması fonunda əsas sual Ermənistanın sərhəd təhlükəsizliyini bundan sonra hansı mexanizmlərlə təmin edəcəyi və bunun Ankara-İrəvan münasibətlərinə necə təsir göstərəcəyi olaraq qalır.
 
S.Laçın