Ölkəmizdə səhiyyə sisteminin gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin sosial müdafiəsinin təmin olunmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu siyasətin davamı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqlarının artırılması barədə qərar qəbul edilib.
Maraqlıdır, TƏBİB sistemində həyata keçirilən bu yeni əməkhaqqı islahatı tibb işçilərinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, regionlarda həkim çatışmazlığının aradan qaldırılması, səhiyyə sahəsində peşəkar kadrların qorunub saxlanılması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması baxımından hansı nəticələri verəcək?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov açıqlama verib.
Millət vəkili qeyd edib ki, tibb işçilərinin əməkhaqlarının artırılmasını çox müsbət və eyni zamanda strateji əhəmiyyət daşıyan addım kimi qiymətləndirirəm:
"Mehriban xanım Əliyevanın təşəbbüsü və cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu islahat yalnız həkimlərin və digər tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması demək deyil. Bu, bütövlükdə səhiyyənin ən qiymətli resursu olan insan kapitalına qoyulan sərmayədir.
Əməkhaqqının artırılması, xüsusilə də iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınmaqla diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər.
Çünki yaxşı tibbi xidmət yalnız müasir bina və avadanlıqla deyil, ilk növbədə bilikli, təcrübəli və əməyinin qarşılığını görən tibb işçisi ilə mümkündür. Əlbəttə, tibbi xidmətin keyfiyyəti yalnız əməkhaqqından asılı deyil; davamlı tibbi təhsil, düzgün idarəetmə, müasir infrastruktur, iş şəraiti və keyfiyyətə nəzarət də paralel inkişaf etməlidir.
Amma tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi bütün bu prosesin əsas şərtlərindən biridir. Nəticə etibarilə, bu gün tibb işçisinə edilən investisiya sabah Azərbaycanın ən ucqar regionunda yaşayan vətəndaşın daha keyfiyyətli tibbi xidmət almasına yönəlmiş investisiyadır".
Pərvin Şakirqızı