Erməni diasporasının son dövrdə ABŞ-dən kənarda, xüsusilə Fransada siyasi imkanlarını yenidən səfərbər etməyə çalışması diqqət çəkir. Müxtəlif ölkələrdən nümayəndələrin Parisdə bir araya gətirilməsi və Qarabağ məsələsinin bu platformanın gündəmində saxlanılması diasporanın parçalanmış mövqeləri yenidən ortaq xəttə gətirmək niyyətindən xəbər verir.


 Bu proses Ermənistan-Azərbaycan sülh gündəliyinin də önə çıxdığı bir vaxtda baş verir.






Mövzu ilə bağlı Moderator.az-a sabiq deputat, Ümid Partiyasının rəhbəri, siyasətçi İqbal Ağazadə açıqlama verib. 


İqbal Ağazadə bildirib ki, Erməni diasporasının ümumilikdə Avropa üzərindən toparlanması və Qarabağ məsələsinə, xüsusilə də hərbi cinayətkarlar üzərindən daxil olması vəziyyəti yeni mərhələyə daşımaq cəhdidir:


"Əslində, onlar Azərbaycandan daha çox Ermənistan daxilində diasporanın nəzarət edə biləcəyi və yaxud onun tapşırıqlarını yerinə yetirə bilən bir hakimiyyətin formalaşmasında maraqlıdırlar. İndiki hakimiyyət diasporanın nəzarəti altında deyil və onun çətiri altında fəaliyyət göstərmir. 



Halbuki diaspora Ermənistanın mövcud olduğu gündən indiyədək onun çətiri altında fəaliyyət göstərən bir hökumət görüb. İndi Paşinyan bu atmosferi fərqli bir müstəviyə daşıyıb. Bundan narazı qalan diaspora, hesab edirəm ki, bütün sahələr üzrə hücum taktikasına üstünlük verəcək. 


Amma çox şeyə nail ola biləcəklərini düşünmürəm. Çünki Ermənistan daxilində bunun dəstəyi yoxdur və diasporanın özü ilə mübarizə aparan bir Ermənistan hakimiyyəti var.


Qarabağ məsələsini nə qədər gündəmə gətirsələr də, rəsmi strukturlarda və hökumətin siyasətini həyata keçirən şəxslər, bütövlükdə isə Ermənistan hakimiyyəti diasporanın müəyyən etdiyi və yaxud onun təzyiqi ilə xarici ölkələrdə səsləndirilən bəyanatların icraçısına çevrilməyəcək.


Nəticədə belə olacaq ki, diasporaya qarşı elə Ermənistanın mövcud hakimiyyəti özü mübarizə aparacaq. Ona görə də bizim diplomatik nümayəndəliklər, diplomatik korpus, səfirliklər və böyükelçiliklər bu istiqamətdə lazımi mövqeləri ifadə etməlidirlər. Lakin daha böyük yük burada Ermənistanın üzərinə düşəcək.


Buna görə də hesab edirəm ki, təşvişə düşməyə və yaxud Qarabağ məsələsinin yeni bir müstəvidə hansısa çətinliklərlə üzləşəcəyindən, mövcud olmayan bir məsələnin yenidən qabardılacağından narahat olmağa hər hansı lüzum yoxdur".


Pərvin Şakirqızı