Bakıda yeni tikililərdə mənzil qiymətləri son dövrdə yüksək həddə çatıb. Belə ki, bəzi layihələrdə 1 kvadratmetrin qiyməti 2 000-2 500 manatdan başlayır. İlkin ödənişin ən azı 30 faiz olması, daxili kreditlərdə isə aylıq ödənişlərin 5-10 min manata çatması mənzil almağın əlçatanlığı ilə bağlı suallar doğurur.


Bu qiymətlər nəyə əsasən təyin olunub? Cəmiyyət yararlana bilirmi?






Moderator.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, son 5 il ərzində daşınmaz əmlakın qiymətində kifayət qədər ciddi artım baş verib:


“Təxminən 80 faizlik qiymət artımından söhbət gedir. Bunun əsas səbəblərindən biri tikinti materiallarının bahalaşmasıdır. Məsələn, kütləvi tikinti işləri başlayanda, 2020-ci ildə Qarabağ iqtisadi rayonunda armaturun qiyməti 700 manatdan 1200 manata qədər yüksəldi. Eyni zamanda, tikinti şirkətlərinə verilən icazələrin sayının müəyyən qədər məhdudlaşması da bazara təsir edib. 2016-cı illə 2026-cı ili müqayisə etsək, yeni başlayan layihələrin həcminin təxminən 10 dəfə azaldığını görərik. Bu qədər ciddi azalma tikinti şirkətləri arasında rəqabətin demək olar ki, minimuma enməsinə səbəb olub. Nəticədə bazarda az sayda şirkət qalır və həmin şirkətlər də mənzillərin qiymətini bazar qiymətindən 15-20 faiz yuxarı müəyyənləşdirirlər. Bu isə qiymətlərin davamlı şəkildə artmasına gətirib çıxarır.


Üstəlik, ipotekaya müraciətlərin sayı da artıb. Yəni burada normadan artıq qiymət artımı müşahidə olunur. Bir tərəfdən tikinti şirkətləri özləri qiymətləri artırırlar, digər tərəfdən isə tələbat həddindən artıq çox, təklif isə kifayət qədər azdır. Bazarda qiymətlər də əsasən tələb və təklif nisbətinə uyğun formalaşır. Hər ilin nəticələrinə baxdıqda, yeni tikililərdə qiymət artımının ən azı 15 faiz olduğunu görürük”.



Ekspert bildirib ki, qiymətlərin bahalaşması və kredit şərtlərinin sərtləşməsi daşınmaz əmlakın əlçatanlığını daha da çətinləşdirir:


“Bu həm ipoteka, həm də daxili kredit imkanlarına aiddir. Məsələn, əvvəllər bazarda tikinti şirkətlərinin sayı çox olduğu üçün rəqabət mövcud idi və şirkətlər daxili kreditləri 3-4 il müddətinə, bəzi hallarda daha uzun müddətə təklif edirdilər. Təbii ki, bu zaman aylıq ödənişlər də daha aşağı olurdu.


İndi isə qiymətlər normadan artıq bahalaşıb, rəqabət də əhəmiyyətli dərəcədə azalıb. Buna görə tikinti şirkətləri daxili kreditləri əsasən iki il müddətinə verirlər. İki il ərzində aylıq ödənişlərin yüksək olması isə orta gəlirli sıravi vətəndaş üçün belə mənzil almağı demək olar ki, mümkünsüz edir. Bu səbəbdən vətəndaşların ipotekaya müraciətləri də artıb. Hətta əvvəlki illərlə müqayisədə ipoteka götürən şəxslərin sayında da ciddi artım müşahidə olunur”.