Sentyabrın 5-21-də Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.
 




Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Moderator.az-a verilən məlumata görə, sentyabr Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64-65 km/san-dir. Meteor yağışının mənbəyi (radiantı) Persey (Perseus) bürcündə, Persey ulduzunun yaxınlığında yerləşir.
 
Bu meteor yağışını avqust Perseidləri ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi "109P/Swift-Tuttle" kometası olduğu halda, sentyabr Perseidlərinin ana cismi hələ də dəqiq müəyyən edilməyib.
 
Müşahidələr və orbital hesablamalar bu meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən, hələ kəşf edilməmiş bir kometadan yarandığını göstərir. 2013-cü ildə müşahidə edilmiş güclü aktivlik artımının analizi də meteorların kometa mənşəli olduğunu göstərib, lakin məlum kometalar arasında uyğun ana cisim aşkar edilməyib.
 
Bakıdan baxanda meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünəcək və səhərə qədər aktiv qalacaq. Müşahidə üçün ən əlverişli vaxt sentyabrın 9-da gecə və xüsusilə gecəyarısından sonra sübhə yaxın saatlardır. Bu zaman meteor yağışının radiantı səmada çox yüksək mövqedə yerləşəcək. Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkündür. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın baş verəcək. Buna görə də Ay işığı müşahidələrə, demək olar ki, mane olmayacaq və bu, müşahidə şəraitini xeyli yaxşılaşdıracaq.
 
Meteorları izləmək üçün teleskop tələb olunmur. Meteor yağışını şəhər işıqlarından uzaq ərazidə adi gözlə müşahidə etmək və birbaşa radianta deyil, ondan təxminən 30-40° uzaqdakı səma sahəsinə baxmaq daha məqsədəuyğundur.