Yaşlanma təbii prosesdir, lakin bəzi gündəlik vərdişlər göz ətrafında qırışların və şişkinliyin daha tez yaranmasına səbəb ola bilər. Mütəxəssislər bahalı kosmetik vasitələr və prosedurlara ehtiyac olmadan dərinin qocalmasını yavaşlatmağın mümkün olduğunu bildirirlər.


Moderator.az “Harvard Health” nəşrinə istinadla xəbər verir ki, göz ətrafındakı dəri çox nazik olduğundan yaşlanma əlamətləri, xüsusilə gözlərin xarici künclərində yaranan “qarğa ayaqları”, bu nahiyədə daha tez nəzərə çarpır.






Mütəxəssislərin fikrincə, qırışların yaranmasını sürətləndirən əsas səhvlərdən biri günəşdən qorunmamaqdır. Günəş kremindən və günəş eynəyindən istifadə etməmək dərinin vaxtından əvvəl qocalmasına və qırışların dərinləşməsinə səbəb ola bilər.


Digər mühüm amil stress və ətraf mühitin təsirləridir. Tez-tez təkrarlanan üz ifadələri və üz əzələlərinin gərginliyi qırışların yaranmasına təsir göstərə bilər. Papaq və günəş eynəyi isə göz ətrafındakı dərinin günəşdən qorunmasına kömək edir.


Siqaret çəkmək də dərinin qocalmasını sürətləndirən amillər sırasındadır. Siqaret dəriyə qan axınını azaldır, kollagen və elastin kimi mühüm komponentlərə zərər verə bilər.


Mütəxəssislər qırışların qarşısını almaq üçün dərini yumşaq şəkildə təmizləməyi, müntəzəm nəmləndirməyi və hər gün, hətta buludlu havada belə, ən azı SPF 30 günəşdən qoruyucu vasitədən istifadə etməyi tövsiyə edirlər.


Dəriyə qulluq vasitələrində antioksidantlardan istifadə etmək və yumşaq pilinq tətbiq etmək də faydalı ola bilər. Lakin pilinqdən həddindən artıq istifadə dərini qıcıqlandıra və zədələyə bilər.


Mütəxəssislərin sözlərinə görə, sadə və davamlı qulluq vərdişləri dərinin sağlamlığını qorumağa və vaxtından əvvəl qocalma əlamətlərini azaltmağa kömək edə bilər.