BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının icra mexanizminin yaradılması ədalətli dünya nizamının formalaşmasını təmin edə bilər


Prezident İlham Əliyev “ŞƏT plyus” sammitindəki çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının qərarları ilə bağlı icra mexanizminin hazırlanmasının zəruruliyinə toxunub. Dövlət başçısı qeyd edib ki, bu təşəbbüsün reallaşması BMT-nin nüfuzunun yüksəlməsi, təşkilatın beynəlxalq münaqişələrin həllindəki rolunun artması baxımından mühüm önəm kəsb edir.






Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təklif BMT tarixində  bir ilkdir. Çünki heç vaxt BMT-nin Təhlükəsizlik şurası tərəfindən qəbul edilən qətnamlərin icrası ilə bağlı hər hansı mexanizm mövcud olmayıb. Məhz buna görə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin bir çoxu icra edilmədən qalıb. Bu isə münaqişə və qarşıdurmaların davam etməsininə, problemin praktiki həllinin qeyri-müəyyən vaxta qədər təxirə düşməsinə səbəb olub. Bunun ən bariz nümunəsi ötən sərin 90-cı illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasında qəbul edilən 4 qətnamənin bu qurum tərəfindən icra edilməməsi faktıdır. Hansı ki, BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı qətnamələrin icrası 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilib, yalnız bundan sonra işğal faktoru ortadan qalxıb.


Azərbaycanla bağlı yaşanan bu təcrübə də sübut edir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrasını təmin edəcək ciddi bir mexanizmin işlənib hazırlanması vacibdir. Bu, ədalətli dünya nizamının formalaşması, beynəlxalq hüququn qorunması baxımından həyati əhəmiyyət kəsb edir.


Artıq indidən əminliklə demək olar ki, Prezident İlham Əliyevin bu təklifi beynəlxalq arenda böyük diqqət və maraqla qarşılancaq, ciddi şəkildə dəstəklənəcək. Çünki belə bir icra mexanizminin yaradılması əzilən, hüquqları tapdanan, zülm və zorakılığa məruz qalan xalqlar, dövlətlər üçün etibarlı xilas yolu, təminatlı qurtuluş, praktiki sipər demək olacaq.


Seymur ƏLİYEV