"Belə getsə, mal ətini marketdə yox, muzeydə görəcəyik: "Bir vaxtlar bunu insanlar yeyirdi..."
02 Sep 2026, 15:15 3 baxış 2 dəq oxuma
"İnflyasiya sağ olsun, yaxında pulun dəyəri elə düşəcək ki, 20 min manatlıq aylıq limitlə kartdan-karta yalnız ikicə kilo qoz ləpəsi köçürmək mümkün olacaq..."
-7 CÜMLƏDƏ 7 DƏRD...-
Parisdə Bakının məhkum etdiyi terrorçulara sərgi açmaq - əsl sənətkorluq nümunəsidir — yanğınsöndürənə od vurub, sonra da buna “instalyasiya” (bədii kompozisiya növü) demək kimi...
Bütün dünya süni intellektin kütləvi işsizlik yaradacağından təşvişə düşdüyü halda bizim qırmızı diplomlu gənclər heç bir neyron şəbəkəsinə ehtiyac duymadan kuryerlik və taksi fəaliyyəti ilə intellektual şəkildə necə işsiz qalmağın milli və analoqsuz modelini çoxdan kəşf ediblər...
Pulsuz tibb vəd edən icbari sığortamız elə möcüzəvi işləyir ki, xəstəxanada növbə gözləyən vətəndaşın mərəzi növbənin uzunluğunu görəndə qorxudan öz-özünə sağalır, sığortanın əhatə etmədiyi bahalı dərmanların qiyməti isə infarkta gətirib çıxarır...
Mal əti bahalaşmadı, sadəcə, kasıbın süfrəsindən rəsmən istefa verib uşaqlıq xatirəsinə döndü - belə getsə, mal ətini marketdə yox, muzeydə görəcəyik: ‘Bir vaxtlar bunu insanlar yeyirdi...’”
Bişkek aeroportundakı o bir saniyəlik “sehrbazlığı” izləyən dünya mətbuatı dərk etdi ki, Şərq demokratiyasında azad sözün və müstəqil jurnalistikanın ömrü, Çin mühafizəçisinin fotoqrafı qoltuğuna vurub qırmızı xalçadan uçurma sürəti qədərdir...
Bakı aeroportunda Rusiya vətəndaşının ayaqqabılaırnın içindən xeyli patron çıxdı; indi Köçəryan-Sərkisyan-Karapetyan tərəfdarları- revanşistlər deyəcək: "Gördünüz, Rusiya Azərbaycanı silahlandırır!..’”
İnflyasiya sağ olsun, yaxında pulun dəyəri elə düşəcək ki, 20 min manatlıq aylıq limitlə kartdan-karta yalnız ikicə kilo qoz ləpəsi köçürmək mümkün olacaq...