""Barselona"nın Bakıya gəlməsi Azərbaycan futbolu üçün böyük reklamdır" - Mahmud Qurbanov
02 Sep 2026, 15:15 2 baxış 5 dəq oxuma
Azərbaycan klublarının avrokuboklardakı cari mövsümü həm gözlənilməz uğursuzluqlar, həm də tarixi nailiyyətlərlə yadda qaldı.
"Qarabağ"ın turnirdən kənarda qalmasının səbəbləri, "Sabah"ın "Barselona" kimi nəhəngləri Bakıda qəbul etməsinin əhəmiyyəti barədə Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Mahmud Qurbanov Teleqraf.az-ın suallarını cavablandırıb.
Moderator.az onunla müsahibəni təqdim edir.
- Mahmud bəy, bu mövsüm Azərbaycan klublarının avrokuboklardakı çıxışını ümumi olaraq necə qiymətləndirirsiniz?
- Əslində, müsbət qiymətləndirmək olar. Çünki dörd klubumuzdan biri ən güclülərin yer aldığı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Digər təmsilçimiz "Qarabağ" isə Konfrans Liqasının pley-of mərhələsinədək irəlilədi.
Düzdür, iki klubumuz mübarizəni vaxtından əvvəl dayandırdı, lakin dörd komandadan birinin Çempionlar Liqasında elita sırasına düşməsi özlüyündə uğurlu nəticədir.
- "Qarabağ"ın bu mövsüm avrokuboklardan kənarda qalmasını gözlənilməz nəticə hesab edirsiniz? Sizcə, əsas səbəb nə oldu?
- Əlbəttə, gözlənilməz oldu. Aparıcı futbolçuların komandanı tərk etməsi və yeni gələn oyunçuların heyətə tam uyğunlaşa bilməməsi "Qarabağ"ın bu dəfə avrokuboklardan kənarda qalmasına gətirib çıxardı.
- Qurban Qurbanovun komandası uzun illər Azərbaycan futbolunun Avropadakı əsas təmsilçisi olub. Sizcə, "Qarabağ"da artıq yeni futbolçu nəslinin formalaşdırılmasına ehtiyac var?
- Görünən odur ki, "Qarabağ" yeni oyunçularla yeni komanda formalaşdırır. Əlbəttə, bu proses vaxt tələb edir və qısa müddətdə həll olunası məsələ deyil. Uzun illər "Qarabağ"da çıxış etmiş bəzi əsas futbolçuların mövsümöncəsi komandadan ayrılması və yeni oyunçuların gəlişi göstərir ki, klub həqiqətən də yeni heyət qurur.
- "Qarabağ"ın avrokuboklardan kənarda qalması göstərdımı ki, Azərbaycan futbolu bir klubdan həddindən artıq asılıdır?
- "Qarabağ" uzun illərdir ölkəmizi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında uğurla təmsil edir. Lakin bu il komandanın avrokuboklarda olmaması Azərbaycan futbolunun yalnız bir klubdan asılı olmadığını göstərir. "Sabah"ın Çempionlar Liqasında növbəti mərhələyə adlaması sübut edir ki, "Qarabağ"la yanaşı, bu komanda da avrokuboklarda sözünü deməyə qadirdir.
Əvvəllər "Neftçi" və "Qəbələ"nin də avrokubokların qrup mərhələsinə yüksəldiyini görmüşük. Ümumiyyətlə, komandalarımız zaman-zaman bu turnirlərin qrup mərhələsində təmsil olunublar.
- "Sabah"ın Çempionlar Liqasında "Barselona", "Arsenal" və "Mançester Yunayted" kimi nəhənglərlə qarşılaşmasını necə qiymətləndirirsiniz? Bu oyunlar Azərbaycan futboluna nə verə bilər?
- Bunun böyük faydasını görəcəyik. "Barselona", "Arsenal", "Mançester Yunayted", "Borussiya", "Napoli", "Vilyarreal" öz ölkələrinin top klublarıdır. Onlara qarşı oynamaq "Sabah" futbolçuları üçün gözəl təcrübədir. Bu komandalarla oyunlarda "Sabah"dan mütləq qələbə gözləmək real deyil. Amma hər halda "Barselona" kimi komandanın Bakıya gəlməsi Azərbaycan futbolu üçün gözəl reklamdır.
Bildiyiniz kimi, kimlə oynadığından asılı olmayaraq, "Barselona"nın oyunlarına bütün dünya baxır. Həm də azarkeşlər üçün əlamətdar bir görüş olacaq. Dünyanın ən yaxşı komandası Bakıya gələcək və şansımız olacaq ki, "Barselona"nın oyununa canlı baxaq. Onların heyətində bir çox dünya çempionları, gənc və ulduz futbolçular var. Onlara qarşı oynamaq hər futbolçuya nəsib olmur.
İndiyə qədər heç bir klubumuz "Barselona" ilə qarşılaşmayıb, bu da "Sabah"ın qismətinə düşdü. Bu, futbolçular üçün böyük təcrübə olacaq.
- "Sabah"ın bu səviyyədə rəqiblərlə mübarizə aparması digər Azərbaycan klublarına da əlavə motivasiya yarada bilərmi?
- Əlbəttə, yaradacaq. Bayaq adlarını sadaladığımız klublara qarşı oynamaq təkcə böyük təcrübə baxımından deyil, ümumiyyətlə, mahiyyət etibarilə çox böyük əhəmiyyət kəsb edir. Çünki onlar aparıcı çempionatların top klubları, dünyanın ən güclüləridir. Şübhəsiz ki, hər bir klub və hər bir futbolçu belə rəqiblərə qarşı meydanda mübarizə aparmaq istəyər.
- "Sabah"ın Çempionlar Liqasındakı oyunlarından birində nəticəni siz seçməli olsanız, hansı qarşılaşmada sürpriz gözləyərdiniz?
- Bu barədə nəsə demək çox tezdir. Çempionlar Liqasında zəif komanda olmur. Orada çıxış edən klubların hamısı ən güclülərdir. Ona görə də konkret hansısa klubun adını çəkməkdə çətinlik çəkərəm. Ola bilsin, "Sabah" hansısa oyunda xal qazansın, bu şans var. Amma bunun hansı matçda olacağını indidən demək çətindir.