Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar Bürosu (FTB) radikal Fələstin qruplaşması HƏMAS-a kriptovalyuta şəklində gələn maliyyə axınının qarşısını alıb. Qeyd olunur ki, həmin vəsaitlər ABŞ və digər dövlətlərdə ianələr formasında yığılıb.


Moderator.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyinin rəsmisinə istinadən "Associated Press" (AP) agentliyi xəbər yayıb.






FTB-nin hesabatında bildirilir ki, HƏMAS aşkar edilmiş ianə toplama mexanizmini 2019-cu ildən işə salıb. Proses qruplaşmaya bağlı bir neçə onlayn platforma üzərindən həyata keçirilib. Keçirilən əməliyyat nəticəsində ABŞ hüquq-mühafizə orqanları HƏMAS-ın maliyyələşməsində əli olan minlərlə insanın şəxsi məlumatlarını da əldə ediblər.


Qeyd olunan mexanizmdə istifadə olunan HƏMAS-a aid bütün resurslar bloklanıb. Bununla yanaşı, FTB agentləri HƏMAS-la əlaqəli pulqabılarında qalan təqribən 560 min dollar məbləğində kriptovalyutanı da müsadirə ediblər.