“ABŞ-ın terrorçu dövləti İranda bir toyu bombalayır- Aİ bunu pisləyəcəkmi?.."- Avropa siyasətçisi
03 Sep 2026, 07:27 2 baxış 3 dəq oxuma
Avropa Parlamentinin keçmiş üzvü ABŞ-ın İrana zərbəsini və Qərbin susqunluğunu tənqid etdi: “Bu, acınacaqlıdır”
İrlandiyalı siyasətçi, Avropa Parlamentinin keçmiş üzvü Mik Uolles ABŞ-ın İrana endirdiyi son zərbələr fonunda Qərb ölkələrinin mövqeyini sərt şəkildə tənqid edib.
Moderator.az bu haqda İran və Qərb mənbələrinə istinadla xəbər verir.
Uolles sentyabrın 2-də "X" sosial şəbəkəsində ABŞ-ın İranın cənubundakı Sirik bölgəsində toy mərasiminə zərbə endirdiyini bildirərək Avropa İttifaqının buna münasibət bildirməməsini sual edib. O yazıb: “ABŞ-ın terrorçu dövləti İranda bir toyu bombalayır. Aİ bunu pisləyəcəkmi? Aİ üzvü olan neçə dövlət bunu pisləyəcək?..”
Uollesin paylaşımı ABŞ-ın sentyabrın 1-də İran ərazisinə endirdiyi zərbələrdən sonra yayımlanıb. "Reuters"-in məlumatına görə, İranın Qızıl Aypara Cəmiyyəti Sirik yaxınlığında toy mərasimi zamanı 5 nəfərin öldüyünü və 50 nəfərin yaralandığını açıqlayıb. Daha sonrakı məlumatlarda ölənlərin sayı və yaralıların sayı ilə bağlı fərqli rəqəmlər səsləndirilib.
ABŞ-ın "Associated Press" nəşri yazır ki, ABŞ raketinin İranın cənubundakı Kuheştəkdə toy mərasiminin keçirildiyi evə dəydiyi bildirilir. İran dövlət mediası və hüquq müdafiə mənbələri azı 4 nəfərin, o cümlədən iki uşağın öldüyünü və 60-dan çox şəxsin yaralandığını açıqlayıb. "AP" hadisə yerindən yayılan görüntüləri və zərbənin izlərini də araşdırıb.
ABŞ tərəfi isə zərbələrin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hava hücumundan müdafiə sistemləri, radarlar, kommunikasiya qurğuları və digər hərbi-dəniz obyektlərinə qarşı həyata keçirildiyini bildirib. ABŞ Mərkəzi Komandanlığının sözçüsü hadisə ilə bağlı məlumatlardan xəbərdar olduqlarını deyib və ABŞ ordusunun mülki şəxsləri hədəf almadığını vurğulayıb.
İran isə hadisəni “müharibə cinayəti” kimi qiymətləndirib. Tehran ABŞ-ın zərbələrinə cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə raket və dron hücumları həyata keçirib. "Reuters" və "AP"-nin məlumatlarına görə, İranın cavab zərbələrinin istiqamətləri arasında Bəhreyn, İordaniya, Küveyt və İraq da olub.
Uollesin paylaşımı da məhz bu qarşılıqlı zərbələrin genişləndiyi bir vaxtda yayılıb. O, uzun müddətdir ABŞ-ın Yaxın Şərq siyasətini və Avropa ölkələrinin Vaşinqtonun hərbi siyasətinə münasibətini tənqid edən siyasətçilərdən biri kimi çıxış edir.
Qeyd edək ki, Mik Uolles 2019–2024-cü illərdə Avropa Parlamentinin üzvü olub. O, 2024-cü il Avropa seçkilərində mandatını qoruya bilməyib.