"2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda 437 nəfər mina partlayışlarının qurbanı olub - həlak olub və ya xəsarət alıb. Hər yeni qurban təkcə humanitar faciə deyil, bu, ailələr üçün psixoloji zərbədir. Eyni zamanda, cəmiyyətə müharibənin hələ tam olaraq geridə qalmadığını xatırladan bir mesajdır. Bu isə qaçılmaz olaraq normallaşma prosesinə cəmiyyətin inamına mənfi təsir göstərir".
 




Moderator.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
 
"Məhz buna görə hesab edirəm ki, bu gün baş verən hər mina partlayışının nəticələri bilavasitə zərərçəkən şəxsdən çox-çox uzaqlara gedib çıxır. Bu, sülhün qurulduğu mühitə təsir edir. Bu məsələ Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki söhbət kiçik və təcrid olunmuş çirklənmiş ərazidən getmir. Ərazimizin 13 faizindən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib. Müharibənin başa çatmasından təxminən altı il sonra belə, minalarla çirklənmiş ərazilərin 75 faizi hələ də ölüm toxumlarını özündə daşıyır. Bu, insan təhlükəsizliyi və insanların öz evlərinə qayıdışı baxımından son dərəcə ciddi problemdir", - deyə E.Əmirbəyov vurğulayıb.
 
O əlavə edib ki, bu məsələnin təcili həllini zəruri edən daha bir məqam var:
 
"Azərbaycan bu gün regionumuzda, bəlkə də dünyada münaqişədən sonrakı ən böyük yenidənqurma səylərindən birini həyata keçirir. Məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Kəndlər və şəhərlər yenidən qurulur. Yollar, məktəblər, xəstəxanalar və iqtisadi infrastruktur yaradılır. Lakin çox sadə bir həqiqət var: torpağın altındakı təhlükəni aradan qaldırmadan icmanı yenidən qurmaq mümkün deyil. Ona görə də biz minatəmizləmədən danışarkən, eyni zamanda, qayıtmaq hüququndan, yenidən qurmaq hüququndan və qorxu olmadan yaşamaq hüququndan danışmalıyıq."