"Sabah"ın rekordlarla zəngin uğur hekayəsi – Azərbaycanın Çempionlar Liqasındakı yeni siması – ŞƏRH
03 Sep 2026, 13:14 2 baxış 5 dəq oxuma
2025/2026 mövsümünün yekunlarına əsasən "Qarabağ"ın hegemonluğuna son qoyaraq Azərbaycan çempionu olan "Sabah" Avropa arenasında da uzun yol qət edərək inanılmazı gerçəkləşdirib. Komanda Valdas Dambrauskasın rəhbərliyi altında uğurlu qrafik cızaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Paytaxt təmsilçisi bu yolda Uelsin TNS (2:0, 2:1), Finlandiyanın "KuPS" (1:0, 2:0), Danimarkanın "Orhus" (1:2, 4:0) və son olaraq İsrailin Beer-Şeva şəhərinin "Hapoel" (1:2, 5:2) komandasının "kürəyini yerə vurub". Beləliklə, "Sabah" tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsində çıxış edəcək. Özü də paytaxt təmsilçisi bu vəzifənin öhdəsindən debüt mövsümündə gələn ilk Azərbaycan komandası olub. Daha əvvəl - 2017/2018 və 2025/2026 mövsümlərində "Qarabağ" Çempionlar Liqasının bu raundunda çıxış etsə də, bunu ilk cəhddə bacara bilməmişdi.
Qitəmiqyaslı turnirlərin 2026/2027 mövsümünün əsas mərhələsində Azərbaycanın yeganə təmsilçisi olan "Sabah" başqa bir neçə rekordla da adını ölkə futbolunun tarixinə yazdırıb. Belə ki, "bayquşlar" UEFA Çempionlar Liqasında 4 mərhələ adlayaraq əsas raunda vəsiqə qazanan ilk və yeganə Azərbaycan klubu olub. Bundan başqa, "Sabah" qələbə sayında da rekorda imza atıb. Bakı təmsilçisi bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu olub. Bununla da əsas mərhələyə yüksələnədək 5 qələbə qazanan "Qarabağ"la "Qəbələ"nin rekordu yenilənib. 2013/2014, 2023/2024 və 2025/2026 mövsümlərində "Qarabağ", 2016/2017 mövsümündə "Qəbələ" hərəyə 5 qələbə ilə yadda qalıblar.
"Sabah" həmçinin cari mövsümdə Azərbaycanın UEFA reytinqinə 1,500 əmsal qazandırıb. Bu isə təsnifat və pley-off mərhələləri üçün ölkə futbolu tarixinin rekordunun təkrarıdır. 2023/2024 mövsümündə "Qarabağ" 5 qələbə və 2 heç-heçə ilə eyni göstəriciyə imza atmışdı.
Dünya futbol ictimaiyyətini təəccübləndirən, haqqında danışmağa bir növ məcbur edən Azərbaycan çempionunu qarşıda daha ciddi sınaq gözləyir. Təbii ki, söhbət UEFA Çempionlar Liqasının əsas mərhələsindən gedir. Ədalət naminə qeyd edək ki, "kor püşk" Valdas Dambrauskasın komandasının üzünə gülməyib və bu səbəbdən "bayquşlar"dan gözləntilər o qədər də böyük deyil. Təmsilçimiz ilk matçını sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcək. Futbol möcüzələr oyunu olsa da, ən optimist azarkeşlər belə bu görüşlə bağlı xoş xəyallar qurmaqdan çəkinir. Oktyabrın 13-də Bakıda "Slaviya" (Praqa, Çexiya) ilə gerçəkləşəcək dueldə isə müsbət nəticə qeydə alına bilər. Bundan bir həftə sonra, yenə Bakıda Almaniya nəhəngi "Borussiya"dan (Dortmund) xal almaq ehtimalı minimuma bərabərdir. "Vikinq"ə qarşı noyabrın 4-də Norveçdə baş tutacaq qarşılaşmada isə xala ümid etməyə dəyər.
V turda, noyabrın 25-də dünya nəhəngi "Barselona" (İspaniya) Bakıya gələcək. Azərbaycanda da böyük azarkeş kütləsinə malik komanda ilə matç, təbii ki, müsbət nəticə vəd etmir. Dekabrın 8-də səfərdə "Vilyarreal" (İspaniya), 2027-ci il yanvarın 20-də Bakıda "Napoli" (İtaliya), nəhayət, VIII turda – yanvarın 27-də "Arsenal"la (İngiltərə) səfər görüşündən də ciddi gözləntilər yoxdur.
Əlbəttə, bütün bunlar təxminlərdir. Futbol isə proqnozu sevmir və sürprizlərə açıq bir idman növüdür. Və ən əsası, "Sabah" onsuz da Liqa mərhələsinə kimi yetərincə sürprizə imza atıb. Üstəlik, onu da nəzərə alaq ki, boyundan yuxarı tullanan, əsas vəzifənin öhdəsindən gələn Azərbaycan çempionu rəqiblərindən fərqli meydana əlavə təzyiq olmadan, rahat çıxacaq. Bu nüans da uğurlu çıxış, müsbət nəticə qazanmaq üçün önəmli faktorlardan sayılır.
Bir sözlə, uğur hekayəsi rekordlarla zəngin olan "Sabah" 2027-ci il yanvarın sonuna kimi futbolumuzun tarixinə düşəcək möhtəşəm oyunların bir parçası olacaq. Azərbaycanın Çempionlar Liqasındakı yeni simasının futbol dünyasını daha nə ilə təəccübləndirəcəyini, təbii ki, qarşıdakı duellər göstərəcək. Amma hadisələrin axarından asılı olmayaraq, qazanan "Sabah" və ümumilikdə Azərbaycan futbolu olacaq. /Report/