Bir çox it sahibi evdən çıxarkən televizoru və ya radionu açıq saxlayır. İlk baxışda bu vərdiş qəribə görünsə də, mütəxəssislər bunun arxasında heyvanın özünü daha rahat hiss etməsinə kömək etmək istəyinin dayandığını bildirirlər.
Moderator.az “Bolde” nəşrinə istinadən xəbər verir ki, Mütəxəssislərin fikrincə, insanla it arasındakı emosional bağ müəyyən mənada yaxın insanlar arasındakı münasibətlərə bənzəyir. Sahib it üçün təhlükəsizlik və rahatlıq mənbəyinə çevrilir. Eyni zamanda bu bağlılıq qarşılıqlıdır və araşdırmalar göstərir ki, insanlar da stress zamanı itlərindən emosional dəstək alırlar.
Aparılan bəzi təcrübələrdə sahibinin yanında olması itin tanımadığı və ya çətin tapşırıqların öhdəsindən gəlməyə daha həvəsli olmasına səbəb olub. Eyni təsir yad bir insanın yanında müşahidə edilməyib.
Bu səbəbdən sahibinin evdən çıxmazdan əvvəl etdiyi kiçik hərəkətlər də it üçün əhəmiyyət daşıya bilər. Su qoymaq, sevimli oyuncağını yanına yerləşdirmək və televizoru açıq saxlamaq heyvanın tək qaldığı müddətdə özünü daha rahat hiss etməsinə kömək edə bilər.
Televizorun açıq olması xüsusilə evdə yaranan qəfil səssizliyi azaltmaq baxımından faydalı ola bilər. Tanış səslərin davam etməsi bəzi itlər üçün sahibinin yoxluğunu daha asan qəbul etməyə şərait yaradır.
Bundan başqa, itlər təkrarlanan gündəlik qaydalara tez uyğunlaşırlar. Sahib hər dəfə evdən çıxmazdan əvvəl eyni hərəkətləri edirsə, heyvan zamanla bu ardıcıllığa alışır. Belə proqnozlaşdırıla bilən rutin itə ayrılığın müvəqqəti olduğunu daha sakit qəbul etməyə kömək edə bilər.
Lakin mütəxəssislər vurğulayırlar ki, televizoru açıq saxlamaq ayrılıq narahatlığının müalicəsi deyil. İt sahibi evdə olmayanda davamlı şəkildə panikaya düşür, əşyaları dağıdır, evdən qaçmağa çalışır və ya özünə xəsarət yetirirsə, bu, daha ciddi davranış probleminə işarə edə bilər.
Belə hallarda baytar həkimə və ya heyvanların davranışı üzrə mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Psixoloqların fikrincə, evdən çıxarkən it üçün televizoru açıq saxlamaq daha çox sahibinin heyvana olan bağlılığını və qayğısını göstərir. İnsan bununla özü yanında olmadığı müddətdə belə, ev heyvanının özünü mümkün qədər rahat hiss etməsinə çalışır.