Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində qayda pozan piyada sürücüyə çətin anlar yaşadıb.
Moderator.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə avqustun 28-də saat 13:56 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, yaşlı kişi avtomobillərin intensiv hərəkət etdiyi yolun hərəkət hissəsinə çıxaraq təhlükəli vəziyyət yaradıb. O, hətta yaxınlaşan avtomobilin qarşısını kəsərək sürücünün bir müddət hərəkətini məhdudlaşdırıb.
Daha sonra piyada dayanmış avtomobilə yaxınlaşaraq sürücüyə nələrsə deyib. Bu zaman sürücü nəqliyyat vasitəsini geri hərəkət etdirərək ondan uzaqlaşmağa çalışıb. Lakin yaşlı kişi avtomobilin üzərinə doğru hərəkətini davam etdirib.
Sonda sürücü digər zolağa manevr edərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, piyadaların yolun hərəkət hissəsində bu cür davranışı həm onların özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.