“Türkiyə ilə Yunanıstan arasında mövcud problemlərin həlli üçün qarşılıqlı ittihamlardan və güc nümayişindən daha çox diplomatik mexanizmlərə üstünlük verilməlidir...” 
 




“Burada İsrailin də qızışdırıcı rolunu nəzərdən qaçırmaq olmaz. İsrailin Yunanıstanla hərbi və strateji əməkdaşlığını genişləndirməsi, xüsusilə müdafiə sahəsində yeni razılaşmalar əldə etməsi Türkiyənin narahatlığını artırır...”
 
Son günlər Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı gərginliyin yenidən artması diqqət çəkir. Tərəflərin qarşılıqlı sərt açıqlamaları və hərbi fəaliyyətləri regionda vəziyyətin yenidən həssas mərhələyə keçdiyini göstərir.
 
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Qabil Hüseynli Türkiyə-Yunanıstan münasibətlərindəki gərginliyin əsas səbəblərindən birinin Egey dənizindəki adaların statusu və onların ətrafındakı ərazi suları ilə bağlı fikir ayrılıqları olduğunu bildirib.
 
Ekspert qeyd edib ki, Egey dənizindəki adaların böyük hissəsi Yunanıstana məxsus olsa da, həmin adaların ətrafındakı ərazi suları məsələsi Ankara ilə Afina arasında uzun müddətdir mübahisə predmetidir:
 
“Egey dənizində adaların statusu ilə bağlı məsələ kifayət qədər mürəkkəbdir. Adaların bir qismi Yunanıstanın ərazisidir. Lakin onların ətrafındakı ərazi suları və bu sularda hərbi fəaliyyət məsələsi Türkiyə ilə Yunanıstan arasında uzun illərdir mübahisə doğurur”.
 
Qabil Hüseynli vurğulayıb ki, son günlər Türkiyənin Egey dənizində həyata keçirdiyi hərbi uçuşlar da Afinanın narahatlığına səbəb olub:
 
“Türkiyə hərbi aviasiyası Egey dənizində uçuşlar həyata keçirir. Ankara bunu öz təhlükəsizliyinin və maraqlarının qorunması baxımından əsaslandırır. Yunanıstan isə bu uçuşları özünə qarşı təzyiq kimi qiymətləndirir. Belə qarşılıqlı addımlar, təbii ki, gərginliyin daha da artmasına gətirib çıxarır”.
 
Siyasi şərhçi diqqətə çatdırıb ki, Türkiyə ilə Yunanıstan arasında bu mübahisələrin tarixi kifayət qədər qədimdir və problemin kökləri Osmanlı imperiyasının süqutundan sonrakı dövrə, eləcə də tərəflər arasında imzalanmış beynəlxalq müqavilələrə gedib çıxır.
 
Onun sözlərinə görə, məsələ yalnız iki ölkənin münasibətləri çərçivəsində qiymətləndirilməməlidir:
 
“Bu, uzun illərdir davam edən və müxtəlif mərhələlərdə yenidən gündəmə gələn problemdir. Türkiyə ilə Yunanıstan NATO üzvüdür. Ona görə də tərəflər arasında baş verə biləcək hər hansı hərbi qarşıdurma təkcə bu iki ölkə üçün deyil, bütövlükdə NATO və region üçün ciddi problemlər yarada bilər”.
 
Qabil Hüseynli hesab edir ki, yaranmış vəziyyətdə tərəflərin təmkinli davranması və problemləri danışıqlar yolu ilə həll etməyə çalışması vacibdir. Ancaq o, hesab edir ki, Yunanıstan Türkiyənin real gücünü yaxşı dərk etdiyindən Egey dənizində mümkün insidentlərin daha böyük qarşıdurmaya çevrilməsini istəməz. Məqsəd sadəcə dünyada Türkiyə haqda bir mənfi imic formalaşdırmaqdır ki, burada rəsmi Afina ilə əməkdaşlıq edən digər güclərin də yetərincə maraqları var.
 
Siyasi şərhçi Türkiyə-Yunanıstan münasibətlərindəki gərginlik fonunda İsrailin Yunanıstanla sürətlə inkişaf edən hərbi əməkdaşlığına da diqqət çəkib:
 
“Burada İsrailin də qızışdırıcı rolunu nəzərdən qaçırmaq olmaz. İsrailin Yunanıstanla hərbi və strateji əməkdaşlığını genişləndirməsi, xüsusilə müdafiə sahəsində yeni razılaşmalar əldə etməsi Türkiyənin narahatlığını artırır”.
 
Hüseynli vurğulayıb ki, İsrailin Yunanıstanla hərbi əməkdaşlığının genişlənməsi onsuz da mövcud olan Türkiyə-Yunanıstan ziddiyyətlərini daha da kəskinləşdirə bilər:
 
“İsrailin Yunanıstanla yaxınlaşması və bu ölkəyə hərbi baxımdan dəstəyini artırması bölgədəki qüvvələr nisbətinə təsirsiz ötüşmür. Hesab edirəm ki, bunun Türkiyə tərəfindən necə qəbul edildiyini də nəzərə almaq lazımdır. Belə addımlar qarşılıqlı inamsızlığı və gərginliyi daha da artıra bilər”.
 
Ekspert hesab edir ki, Türkiyə ilə Yunanıstan arasında mövcud problemlərin həlli üçün qarşılıqlı ittihamlardan və güc nümayişindən daha çox diplomatik mexanizmlərə üstünlük verilməlidir.
 
“Bu məsələlər nə qədər uzun müddət həll olunmamış qalarsa, yeni gərginliklərin yaranması ehtimalı da bir o qədər artacaq. Ona görə də tərəflər beynəlxalq hüquq və mövcud razılaşmalar çərçivəsində danışıqları davam etdirməli, Egey dənizində hər hansı insidentin qarşıdurmaya çevrilməsinə imkan verməməlidirlər”, – deyə Qabil Hüseynli fikirlərini yekunlaşdırıb.
 
Sultan Laçın