Məlum olduğu kimi, Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətində humanitar minatəmizləmə əməliyyatlarının önəminə diqqət çəkən dövlət başçısı, Azərbaycanın bu sahədə gördüyü işlərə toxunub, konkret faktlara nəzər salıb:


“Humanitar minatəmizləmə Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.






Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir”.


Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın minatəmizləmə missiyasını əsasən öz gücü və imkanları hesabına həyata keçirməsi ilə bağlıdır:


“Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir”. (https://president.az/az/articles/view/73412 ).


Prezident İlham Əliyev minatəmizləmə sahəsində Azərbaycanın uğurlarını qeyd etməklə yanaşı, bu məsələdə  beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayır, bunu bütün insanlıq qarşısında durum mühüm vəzifələrdən biri kimi xarakterizə edir. Dövlət başçısı öz müraciətində qeyd edir ki, minatəmizləmə prosesində tələb olunan müsir texnologiya, böyük maliyyə vəsaiti, təcrübə mübadiləsi v əs. kimi amillər problemin beynəlxalq  həmrəylik fonunda həllini zəruri edir.


Xatırladaq ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesinə müəyyən qurum və dövlətlərin bəzi hallarda dəstəyi müşahidə edilsə də, bütövlükdə bu ağır və riskli əməliyyatın bütün ağırlığı hər zaman Azərbaycanın üzərinə düşüb. Və qürurvericidir ki, Azərbaycan dövləti bu sahədə böyük uğurlara nail olub, yeni təcrübələr və praktiki bacarıqlar əldə edib.


Minatəmizləmə sahəsindəki uğurları Azərbaycanın bir dövlət olaraq qüdrətinə dəlalət edir. Minatəmizləmə ilə bağlı dövlətimizin əldə etdiyi nailiyyətlər sübut edir ki, Azərbaycan bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də prinsipial mövqe nümayiş etdirməkdə, öz məqsədinə doğru inamla addımlamaqdadır. Və baş verən proseslərin təhlili onu deməyə əsas verir ki, beynəlxalq birliyin dəstəyindən asılı olmayaraq, dövlətimiz yaxın illərdə bu problemə birdəfəlik son qoyacaq və bununla da sadəcə öz vətəndaşları qarşısında deyil, beynəlxalq ictimaiyyət və insanlıq qarşısında tarixi bir missiyasını uğurla başa çatdıracaq.


Seymur ƏLİYEV