“Həkimlərinin əmək haqlarının bu qədər artırılması dövlətin onlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Mən öz adımdan dövlətimizə təşəkkür edirəm. Çox gözəl təşəbbüsdür. Vaxt var idi ki, həkimlər 200-300, tibb bacıları 80 manat alırdılar. Həkim az qazananda əlbəttə ki, xəstənin də əlinə baxacaq, rüşvət də alacaq. Mən hazırda həm pensiyadayam, həm də Tibb Universitetində müəllim işləyirəm. 1966-cı ildən pedaqoji fəaliyyətlə məşğulam. Ümid edirəm və inanıram ki, Tibb Universitetində həkimləri yetişdirən müəllimlərin də məvaciblərini qaldıracaqlar”.


Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, fizioloq Rəşid Mahmudov deyib.






O daha sonra əlavə edib:


“Biz həkimlər qanunun quluyuq. Siz nə danışırsız?! Həkimlik peşə, sənət deyil ki, taxtadan nəsə düzəldəsən. Həkimlik böyük və çətin, şərəfli bir işdir. Bununla zarafat etmək olmaz. İnsan həyatı ilə oynayırsan. Bir bədəndə gör neçə hüceyrə var. Bir yerə müsbət təsir edən dərman əlbəttə ki, digər bir orqana mənfi təsir göstərə bilər. Həkimlər ona görə diqqətli olmalıdırlar. Həkim söhbəti ilə xəstəsini sağaltmalıdır. Həkim həlim olmalıdır. Azərbaycanda xalqını, dövlətini sevən minlərlə yaxşı həkim var. Amma onlarla bərabər həkim adına ləkə olanlar da var. Məhəbbət ülvi olduğu kimi həkimlik də ülvidir. Ona ləkə qondurmaq olmaz. Xarici ölkələrdə 9-cu sinifdən uşaqlar gedib Təcili və Təxirəsalınmaz Tibbi yardımda işləyirlər. Orada öyrənəndən sonra onu həkimliyə götürürlər” deyə professor bildirib.


Rəşid Mahmudov pedaqoji fəaliyyətlə məşğul olduğu Tibb Universitetindən də danışıb:


“Tibb Universitetində müəllim tələbədən bir qəpik də rüşvət ala bilməz. İnanırsınızmı? Bu sözü mən deyirəm və arxasında da dururam. Bizim rektorumuz Gəray Gəraybəyli orada çox gözəl qayda-qanun qoyub. Rüşvət alan neçə müəllimin ərizəsini yazdırıb çıxardıb. Bizim kafedrada iki müəllimi çıxartdılar. Yanımda olublar, mən heç bilmirdim ki, onlar rüşvət alırlar. Heç xəbərim olmayıb. Bir də gördüm ki, ərizə yazırlar” deyə o bildirib.