Sentyabrın 2-də Mərmərə dənizində ALSU tankeri ilə "Tuğberk İmamoğlu" gəmisinin toqquşması faktı üzrə İstanbul şəhərinin Silivri Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində hazırlanan ilkin ekspert rəyi iş materiallarına əlavə edilib.
Moderator.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Sənəddə bildirilir ki, Türkiyənin Silivri sahillərində "Tuğberk İmamoğlu" gəmisi toqquşmadan sonra batıb, heyət üzvləri isə itkin düşüb.
Rəydə qeyd olunur ki, hadisə vaxtı ALSU-nun kapitan körpüsündə təcrübəsiz ikinci kapitan köməkçisi olub, müşahidəçi və sükançı yerində olmayıb, kapitan isə öz kayutunda yatıb.
Ekspert komissiyası diqqətə çatdırıb ki, "Tuğberk İmamoğlu" gəmisində avtomatik müəyyənləşdirmə sistemi ya söndürülüb, ya nasaz olub, ya da xarici müdaxilələr səbəbindən adekvat işləməyib, bu səbəbdən də ALSU gəmisi yalnız 1.8 mil məsafədə radarda əks olunaraq aşkarlana bilib.
Hesabatda vurğulanır ki, qəzanın əsas səbəbi kapitan körpüsündə intizamın pozulması, növbə dəyişmə qaydalarının tamamilə gözardı edilməsi olub. "Tuğberk İmamoğlu"nun manevrinin toqquşmanı tətikləyən aktiv amil olduğu, lakin insidentin faciəyə çevrilməsinin kökündə ALSU tankerinin kapitan körpüsündəki zəifliyin dayandığı bildiriıir.