Səyahət edərkən çamadanların ziyan görməsi sərnişinlərin ən çox qarşılaşdığı xoşagəlməz hallardan biridir. Belə bir vəziyyətlə qarşılaşdıqda hüquqlarınızı bilmək və dərhal hərəkətə keçmək itkini minimuma endirməyə kömək edir. Sosial şəbəkələrdə son günlər zərərçəkmişlərin paylaşdığı foto və məlumatlardan da belə qənaətə gəlmək olur ki, səyahətə gedən 10 insandan 3-ü bu halla qarşılaşır. Bəs hava limanında baqaja ziyan dəyibsə, nə etməliyik və hara müraciət etməliyik?


Mövzu ilə bağlı tanınmış turizm eksperti Elçin Novruzov Moderator.az-a açıqlamasında bildirib ki, belə hallarda diqqət edilməli məqamlar var:






“Səyahət zamanı qarşılaşa biləcəyimiz aktual məsələlərdən biri də hava limanlarında baqajın zədələnməsi və ya əşyaların itməsi ilə bağlı hallardır. Çamadanın qırılması, baqajın açılması və ya içərisindəki əşyaların zədələnməsi sərnişin üçün həm maddi, həm də mənəvi narahatlıq yarada bilər. Belə vəziyyətlə qarşılaşdıqda isə düzgün və vaxtında addım atmaq olduqca vacibdir. İlk olaraq, çamadanı təhvil verməzdən əvvəl onun foto və ya videosunu çəkmək məqsədəuyğundur. Bu, baqajın ilkin vəziyyətini göstərən əlavə sübut kimi istifadə oluna bilər. Baqajı təyinat məntəqəsində aldıqdan sonra onu hava limanını tərk etməzdən əvvəl diqqətlə yoxlamaq lazımdır. Əgər çamadanın zədələndiyini və ya içərisindəki əşyalara zərər dəydiyini müəyyən etsək, hava limanını dərhal tərk etməməliyik. Lost & Found və ya Baqaj xidmətinə müraciət edərək hadisəni yerindəcə rəsmiləşdirmək lazımdır” deyə o bildirib.


Ekspert bildirib ki, digər vacib mərhələ hadisənin rəsmi şəkildə qeydə alınmasıdır:


“Bunun üçün PIR-Property Irregularity Report aktının tərtib edilməsi və sənədin, eləcə də müraciət nömrəsinin saxlanılması tövsiyə olunur. Bundan əlavə, zədələnmiş baqajın foto və videosunu çəkmək, baqaj etiketini, aviabilet və digər səyahət sənədlərini qorumaq vacibdir. Əgər zədələnmiş əşyanın alış sənədi və ya digər təsdiqedici sənədlər varsa, onları da saxlamaq lazımdır. Hadisə rəsmiləşdirildikdən sonra aviaşirkətə rəsmi müraciət edilməlidir. Əgər sərnişinin səyahət sığortası varsa və sığorta müqaviləsində baqaj təminatı nəzərdə tutulubsa, hadisə barədə sığorta şirkətinə də məlumat verilməlidir. Sığorta təminatının tətbiqi müqavilənin şərtlərindən, limitlərdən və istisnalardan asılıdır. Əsas məqsəd hadisəni vaxtında sənədləşdirmək və zərərin təsdiqi üçün mümkün qədər çox sübut toplamaqdır. Çünki hava limanından ayrıldıqdan sonra baqajın hansı vəziyyətdə təhvil alındığını sübut etmək daha çətin ola bilər” deyə ekspert bildirib.