İranın Hörmüzqan əyalətinin Sirik rayonunda toy mərasiminə endirilən və çoxsaylı mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən zərbə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Moderator.az bu haqda İran, ABŞ, Avropa və Rusiya mənbələrinə istinadla xəbər verir.
"Reuters" agentliyi 4 silah mütəxəssisinin apardığı təhlilə istinadən bildirir ki, sentyabrın 1-də Sirikdə toy mərasiminin keçirildiyi evə dəyən sursatın ABŞ istehsalı olan idarəolunan aviasiya sursatı olması ehtimalı yüksəkdir. Ekspertlərin fikrincə, dağıntıların xarakteri sursatın binaya birbaşa dəydiyini göstərir.
"Reuters"-in araşdırması “New York Times”ın daha əvvəl yaydığı məlumatları da gücləndirir. Hər iki nəşrin apardığı araşdırmalarda zərbənin İran hava hücumundan müdafiə sisteminin səhvən buraxdığı raketin nəticəsi olması versiyasına dair ciddi şübhələr ifadə edilir.
İran tərəfinin məlumatına görə, zərbə nəticəsində toy mərasimində iştirak edən şəxslər arasında ölən və yaralananlar olub. Ölənlərin sayının 5 nəfərə çatdığı, yaralananların sayının isə 60-dan çox olduğu bildirilir. İran Qızıl Aypara Cəmiyyəti də hadisə nəticəsində çoxsaylı mülki şəxsin xəsarət aldığını açıqlayıb.
İran rəsmiləri hadisəyə görə ABŞ-ı ittiham edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai zərbəni müharibə cinayəti kimi qiymətləndirib və mülki şəxslərin hədəfə alınmasını pisləyib.
ABŞ tərəfi isə toy mərasiminin qəsdən hədəfə alındığını təsdiqləmir. ABŞ Mərkəzi Komandanlığı İran ərazisində hərbi obyektlərin və SEPAH-a məxsus hava hücumundan müdafiə sistemlərinin hədəfə alındığını bildirərək, mülki şəxslərin qəsdən vurulmadığını açıqlayıb. ABŞ vitse-prezidenti Cey Di Vens də hadisənin araşdırıldığını bildirib.
Rusiya mediası, o cümlədən "TASS" agentliyi də hadisə barədə İran mənbələrinə istinadla məlumat yayıb və zərbənin nəticələri barədə məlumatları diqqətə çatdırıb.
Beləliklə, "Reuters"-in 4 silah eksperti ilə apardığı təhlil Sirikdə toy mərasiminin keçirildiyi evə ABŞ istehsalı sursatla birbaşa zərbə endirildiyi versiyasını ciddi şəkildə gücləndirir. Lakin zərbənin məhz toy mərasimini qəsdən hədəfə alması ilə bağlı ABŞ tərəfindən təsdiqlənmiş rəsmi məlumat yoxdur...
S.Laçın