"Hüquq müdafiəçiləri Çağrının timsalında qazanılan bu qələbəni, assimilyasiya siyasətinə qarşı milli kimliyin qorunması yolunda mühüm bir addım kimi qiymətləndirirlər..."
İran İslam Respublikasının rəsmən inzibati ərazisi olan Güney Azərbaycanın Maku şəhərinin Qeydiyyat İdarəsi nəhayət 6 ildən sonra Çağrı adlı Azərbaycan türkü olan bir uşağa, valideynlərinin tələb və şikayətindən sonra şəxsiyyət vəsiqəsi verib.
Çağrı 26 iyul 2020-ci ildə anadan olub. Lakin valideynləri kimlik sənədini almaq üçün müraciət etdikdə, Maku Qeydiyyat İdarəsi bu adı “qanunsuz” elan edərək şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edib. 2025-ci ilin may-iyun aylarında Maku Məhkəməsinin 3-cü şöbəsi də “sözügedən adın cəmiyyətdə geniş yayılmış adlar sırasında olmaması” əsası ilə şəxsiyyət vəsiqəsinin verilməsinə qarşı çıxıb. Çağrının valideynləri inzibati və hüquqi mübarizəni davam etdirərək yenidən iddia qaldırdıqdan sonra, nəhayət, övladlarının kimlik sənədi almaq hüququnu bərpa edə biliblər.
Moderator.az digər İran mənbələrinə və Qərb mediasının, o cümlədən "Amerikanın Səsi" radiosu və insan haqları təşkilatlarının hesabatlarına istinadla yazır ki, İranda türk adlarına qarşı tətbiq edilən bu qadağa sistemli bir siyasətin tərkib hissəsidir.
Bundan əvvəl də Güney Azərbaycanda Huntay, Onur, Anar, Alparslan, Hunay, Ayıl, Volkan və Atalay kimi xalis türk adlarına görə onlarla azərbaycanlı uşağa illərlə kimlik vəsiqəsi verilməyib.
Qərb mediasının diqqət mərkəzində olan belə hadisələrdən biri kimi, Culfa şəhərindən olan Huntay adlı uşaq da valideynlərinin 6 illik sivil və hüquqi dirənişindən sonra yalnız 2024-cü ilin sonlarında doğum şəhadətnaməsi ala bilmişdi.
İran Vətəndaşlığın Qeydiyyatı İdarəsi (Səbt-i Əhval) rəsmilərinin açıqlamalarında adlar bazasının yalnız islam və fars mədəniyyətinə uyğun zənginləşdirilməsinin tələb edilməsi, qeyri-fars və xüsusilə türk mənşəli adların qeydiyyatına qanunsuz maneələr yaradır. Sənədləri olmayan uşaqlar isə illərlə tibbi, sosial və təhsil xidmətlərindən tamamilə məhrum qalırlar
Maku Qeydiyyat İdarəsi nəhayət 29 iyul 2026-cı ildə Çağrı üçün sənəd tərtib edib; hansı ki, bu sənəd ona doğulduğu ilk gündən təqdim edilməli idi. Hüquq müdafiəçiləri Çağrının timsalında qazanılan bu qələbəni, assimilyasiya siyasətinə qarşı milli kimliyin qorunması yolunda mühüm bir addım kimi qiymətləndirirlər...
Sultan Laçın