“ABŞ nə üçün İranı darmadağın etmir? Buna gücü çatar. Ancaq hazırda geo-siyasi vəziyyət Yaxın  Şərqdə onun iqtisadi marağındadır və ABŞ İran toqquşmaları və Hörmüzün İranın nəzarətində olması iki ölkənin büdcəsini pul ilə doldurur...”




 
“İran ABŞ üçün neftin qiymətinin stabil şəkildə qalması üçün, gülməli çıxsa da, arxalandığı ölkədir...”
 
“Ümumiyyətlə, ABŞ-İran münasibətlərinin mahiyyətini anlamaq üçün hər şeydən əvvəl bu proseslərə ABŞ-ın iqtisadi maraqlarından yanaşmaq və bu ölkənin hansı maraqları güddüyünü dərk etməliyik. Bu saat ABŞ Prezidenti Donald Tramp İrana və onu əhatə edən region ölkələrinə qarşı “idarə olunan xaos” siyasətini məharətlə həyata keçirir. Nəticə isə sadə dildə desək, neftin qiymətini stabil şəkildə 90-dan yuxarı saxlamaq və hər satılan neft barelindən rahatca ABŞ büdcəsinə 60 dollar qatmaqdır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında dilə gətirən siyasi analitik Tahir Cəfərli ABŞ-İran münasibətlərində yaranmış son gərginliyin geo-siyasi və iqtisadi səbəblərinə toxunaraq, Vaşinqtonun İrana qarşı “idarə olunan xaos” siyasəti həyata keçirdiyini bildirib.
 
Cəfərli diqqətə çatdırıb ki, ABŞ-ın hazırkı Yaxın Şərq siyasətini anlamaq üçün ilk növbədə Vaşinqtonun iqtisadi maraqlarına nəzər salmaq lazımdır.
 
 
Analitik vurğulayıb ki, ABŞ-ın Yaxın Şərqdə yaratdığı vəziyyət region ölkələrini hərbi ittifaq axtarışına vadar edir:
 
“ABŞ Yaxın Şərq regionunda elə xaos yaradıb ki, ona müttəfiq olan ölkələr – Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və s. – hərbi ittifaqda birləşib qorunmaq istəyirlər. Təsəvvür edirsiniz, NATO-nun üzvü Türkiyə bura İranı da dəvət edir. Və “İran buna gedəcəkmi?” sualı hamını maraqlandırır. Cavab birmənalıdır – YOX! Çünki ABŞ-ın idarə olunan xaos siyasəti İranı “orta dövlətə” çevirib.
 
Bu nə deməkdir? Dərinə getsək, Hörmüzün de-fakto İranın əlində qalması, ABŞ bazalarının vurulması, bütün bunlar “orta dövlətə” çevrilmiş İranı onu əhatə edən bütün dövlətləri İranın marağından irəli gələn siyasi davranışa əməl etməyə məcbur edəcəkdir”.
 
Həmsöhbətimiz  ABŞ-ın İranı tamamilə sıradan çıxarmaqda maraqlı olmadığını da bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyət Vaşinqtonun iqtisadi maraqlarına xidmət edir və eyni zamanda Avropa İttifaqının iqtisadiyyatına ciddi zərbə vurur.
 
Analitik “idarə olunan xaos” siyasətinin ABŞ-ın rəqiblərini zəiflətməyə hesablandığını vurğulayıb:
 
““İdarə olunan xaos” siyasətinin mahiyyəti ABŞ-a qarşı gedə biləcək ölkələri darmadağın etməkdir. Və əslində Ukrayna müharibəsini törədən ABŞ-ın geo-siyasi məqsədi Rusiyanı dağıtmaq yox, Aİ-ni dağıtmaqdır. Ukrayna müharibəsi Aİ dağılan kimi dayanacaq. ABŞ-a Qrenlandiya lazımdır və onu ələ keçirmək üçün Aİ dağılmalıdır...
 
İran ABŞ üçün neftin qiymətinin stabil şəkildə qalması üçün, gülməli çıxsa da, arxalandığı ölkədir”.
 
Tahir Cəfərli İsrailin İran məsələsində mövqeyinə də toxunaraq, Tehranın raket imkanlarının İsrail üçün ciddi təhlükə yaratdığını deyib:
 
“İsrail nə üçün ABŞ-a qoşulub İrana qarşı getmir?” sualı da ortaya çıxır.
 
Cavab sadədir. İranın bir hiperraketi İsraili Çernobıla çevirə bilər. İnanmırsınız, Bakının “Sibrizi”ndə məskunlaşmış yəhudilərdən soruşun. İranın bir raketi İsrailin atom elektrik stansiyalarına düşsə, İsrail yer üzündən silinəcək. Belə çıxır ki, İran İsrailə siyasi davranış diktə edir”.
 
Analitik sonda bildirib ki, ABŞ-ın İrana qarşı yaxın perspektivdə ciddi addım atacağını gözləmir:
 
“ABŞ İrana qarşı ciddi heç nə etməyəcək. İranın güclənməsinə də mane olmayacaq. Əziyyət çəkən ölkələr isə İranı əhatə edən ölkələr olacaq. ABŞ-ın “idarə olunan xaos” siyasəti bu ölkəni “orta dövlət” statusuna qaldırmışdır. Bu isə İranın regionda ağalığı deməkdir.
 
ABŞ-ın geosiyasi məqsədi odur ki, İranı 60-cı il səviyyəsinə qaldırıb onu öz müttəfiqinə çevirsin. ABŞ bunu asta-asta, tələsmədən həyata keçirəcək. İndi isə əsas məsələ Yaxın Şərqdə geosiyasi vəziyyəti olduğu kimi qorumaq və öz rəqiblərini darmadağın etmək üçün yanacağın qiymətini istədiyi həddə saxlamaqdır...”
 
Sultan Laçın