Səhər yeməyində tez-tez seçilən bəzi qidalar müntəzəm istehlak edildikdə ürək-damar sistemi və mədəaltı vəz üçün əlavə risk yarada bilər. Mütəxəssislər xüsusilə yağlı məhsulların birlikdə qəbuluna diqqət çəkirlər.
Moderator.az xəbər verir ki, qastroenteroloq Sergey Vyalov acqarına kərə yağı və tam yağlı pendirlə hazırlanan sendviçlərin tez-tez istehlakının sağlamlıq baxımından arzuolunmaz ola biləcəyini bildirib.
Bu qidalar doymuş yağlarla zəngindir. Onların həddindən artıq və müntəzəm qəbulu qanda “pis” xolesterolun yüksəlməsinə, ateroskleroz riskinin artmasına və nəticədə ürək-damar xəstəliklərinin yaranmasına şərait yarada bilər.
Həkim həmçinin yağlı qidaların həddindən artıq qəbulunun mədəaltı vəzə əlavə yük yaratdığını qeyd edir. Xüsusilə belə qidaların spirtli içkilərlə birlikdə istifadəsi kəskin pankreatit riskini artıra bilər.
Mütəxəssislər bildirirlər ki, problem bir dəfə yağlı sendviç yeməkdə deyil. Əsas risk bu cür səhər yeməyinin müntəzəm vərdişə çevrilməsidir.
Daha sağlam seçim üçün səhər yeməyində tərəvəz, tam taxıllı məhsullar, yumurta, yağsız və ya az yağlı süd məhsulları kimi qidalara üstünlük vermək, doymuş yağların miqdarını məhdudlaşdırmaq məsləhətdir.