Ermənistan-Rusiya münasibətlərində yeni mərhələnin formalaşdığı bir vaxtda Nikol Paşinyanın yaxın zamanda Moskvaya səfər edəcəyini açıqlaması diqqət çəkir.


Səfər çərçivəsində iki ölkə arasında mövcud əməkdaşlığın müxtəlif istiqamətlərinin nəzərdən keçirilməsi və tərəflərin ortaq maraqları ilə fikir ayrılıqlarının müəyyənləşdirilməsi gözlənilir.






Maraqlıdır, Paşinyanın Moskvaya qarşıdakı səfəri Ermənistan-Rusiya münasibətlərində praktiki əməkdaşlığın yeni çərçivəsinin müəyyənləşməsinə gətirib çıxara bilərmi və bu görüşdən sonra tərəflərin münasibətlərində hansı dəyişikliklərin baş verməsi daha real görünür?


Mövzu ilə bağlı Moderator.az-a “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlama verib. 



Politoloq qeyd edib ki, Kreml Paşinyana təzyiqi getdikcə artırmağa çalışır, amma bunun hələ ki, heç bir nəticəsi yoxdur:


"Bişkekdə keçirilən son görüşdə Rusiya Prezidenti Vladimir Putin Paşinyana yenidən xatırlatdı ki, Ermənistanda referendum keçirilsin və ölkənin hansı yolu seçdiyi müəyyənləşdirilsin.


Avropa İttifaqını, yoxsa Avrasiya İqtisadi Birliyini. Amma Paşinyan da hər dəfə Putinə eyni cavabı verir ki, hazırda Ermənistanda belə bir referenduma ehtiyac yoxdur. 


Bu təzyiqlər əslində nəticə vermir. Tam əksinə, Putin son görüşündə hətta Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarıla biləcəyini də söylədi, əgər erməni xalqı belə qərar verərsə. Paşinyan bu məsələdə də tələsməyəcək. 


O bilir ki, hərbi bazanın çıxarılması həm Paşinyanın, həm Ermənistanın, həm də Cənubi Qafqazın xeyrinədir. Amma erməni cəmiyyəti hər seçkidə Paşinyana səs versə də, referendumda fərqli mövqe ortaya qoya bilər.


Amma Paşinyan Azərbaycanla sülh sazişi imzalayarsa və iki ölkə arasında, eləcə də Azərbaycanla Türkiyə münasibətlərinin normallaşması prosesi davam edərsə, əslində Ermənistanın Rusiya hərbi bazasına da ehtiyacı olmayacaq. 


O ki qaldı bu dəfəki Moskva səfərinə, yəqin ki, Kreml Paşinyana təzyiqləri davam etdirməyi planlaşdırır. Amma Paşinyan bu təzyiqlərdən çəkinmir. Əksinə, Rusiyanın əlində alət olan erməni radikallarını həbs etdirir və doğru olaraq onları neytrallaşdırır".


Pərvin Şakirqızı