Aktyor Corc Qafarov bir neçə gün əvvəl keçirilən nişan mərasimindən fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Aktyor paylaşımında onu 7 yaşından etibarən böyüdən və həyatında xüsusi yeri olan ailə haqqında duyğusal fikirlərini bölüşüb.
Corc sözügedən ailənin uşaqlıq illərində yaşadığı çətinlikləri unutdurduğunu və ona xoşbəxt bir həyat bəxş etdiyini bildirib:
“Corcun daxilindəki cəhənnəmi cənnətə çevirən ailə. 7 yaşımdan məni insan olaraq xilas edən ailə. Küçədə, ümid yerində, uşaq evində yaşadığım vaxtlarda mənə bütün bunları unutduran ailə. Sitarə, Əli, Fatimə, Natiq müəllim və həyat yoldaşı İradə xanım…
Bu ailə mənim üçün ailədən üstün oldu. Hər uşağın yaşaya bilməyəcəyi həyatı yaşatdılar mənə. Düşünürəm ki, onlar Allah tərəfindən mənə göndərilmiş mələklər oldular. 31 yaşıma kimi heç kimin onlardan xəbəri olmadı. Yəqin ki, etdikləri yaxşılıqları insanların bilmələri üçün deyil, Allahın bundan xəbərdar olması üçün idi.
Onlar mənə öz evlərinə, öz dünyalarına qapı açdılar. Məni o qədər xoşbəxt etdilər ki, mən cənnəti öz gözlərimlə gördüm. Cənnətə düşdüyüm həmin ailə ilə tanış olmağınızı istədim.
Mən bilmirəm, onların başını nə qədər uca edə bilmişəm. Onlar isə bu həyatda yaşaya biləcəyim hər şeyin ən gözəlini yaşatdılar. Məni bir şəxsiyyət olaraq çox möhtəşəm yetişdirdilər.
Mənə yaşatdığınız sevinclərin 100 qatını sizin ailədə yenicə dünyaya gəlmiş övladlarınız yaşasın. Amin. Sonsuz və əbədi sevgilər sizə”. (Axşam.az)