TRIPP layihəsinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı müzakirələr regionda həm nəqliyyat bağlantıları, həm də təhlükəsizlik məsələləri baxımından diqqət çəkir. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov layihənin ABŞ-a Ermənistan ərazisində, İran sərhədinə yaxın ərazilərdə hərbi və kəşfiyyat infrastrukturu yerləşdirmək imkanı yarada biləcəyini bildirib. İran tərəfindən də layihənin mümkün təhlükəsizlik nəticələri ilə bağlı narahatlıqlar ifadə olunur.
Bu açıqlamaları və regiondakı mövcud geosiyasi həssaslığı nəzərə alsaq, TRIPP layihəsinin reallaşması ətrafında hansı risklər yarana bilər?
Layihənin həyata keçirilməsi prosesində Rusiya, İran, ABŞ və region ölkələrinin maraqlarının toqquşması Cənubi Qafqazdakı təhlükəsizlik dinamikasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Moderator.az -a diplomat politoloq Fikrət Sadıxov açıqlama verib.
Politoloq qeyd edib ki, TRİPP marşrutu hərbi marşrut deyil. Bu, sülhə yönələn, nəqliyyat-logistika məqsədi daşıyan və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən bir marşrutdur:
"Təbii ki, bu layihəyə qarşı çıxış edənlər də var. İlk növbədə İran, eyni zamanda Rusiya bu məsələyə kifayət qədər qıcıqla yanaşır. Amma əvvəla, söhbət Ermənistan ərazisindən gedir.
Bu məsələni onlar Ermənistanla müzakirə etməli və müəyyən bir razılığa gəlməlidirlər. Digər tərəfdən, burada ABŞ kimi nəhəng bir dövlət var və onlar maraqlıdırlar ki, bu layihə fəaliyyətdə olsun, işləsin. Çünki onların da şirkətləri orada fəaliyyət göstərəcək.
Digər tərəfdən, mən düşünmürəm ki, İranla Rusiya hazırda elə bir vəziyyətdədirlər ki, buna qarşı aktiv şəkildə çıxış etsinlər və onun qarşısını ala bilsinlər. Amma təbii ki, çətinliklər olacaq, problemlər yaranacaq.
Bu problemlərin həlli isə, mən əminəm ki, müəyyən dərəcədə ABŞ-ın mövqeyindən, eyni zamanda Azərbaycanla Ermənistanın mövqeyindən asılı olacaq".
Pərvin Şakirqızı