Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir...”- Qurani-Kərim 
 




“Belə bir uşağa göstərilən qayğının, onun tərbiyəsi və qulluğuna sərf olunan hər dəqiqənin savabının qat-qat artırılaraq yaxşı əməllər tərəzisinə yazılacağı bildirilir...”
 
Bəzi ailələrdə sağlam və güclü uşaqlar dünyaya gəldiyi halda, digər ailələrdə əqli və fiziki imkanları məhdud uşaqların doğulması dini, teoloji baxımdan bir sıra suallar doğurur. Bu, Allahın təqdirində hansı hikməti daşıyır? Valideynlərin günahları ilə övladlarının sağlamlığı arasında əlaqə varmı?
 
Moderator.az  bu mövzuda “İslam-Today” nəşrində Səidə Həyatın imzasıyla dərc olunmuş “Niyə bəzi ailələrdə əlil uşaqlar doğulur?” başlıqlı materialın tərcüməsini dəyərli oxucuların diqqətinə çatdırır.

 
“Sual:
Nə üçün Allah bəzi ailələrə sağlam və güclü övladlar bəxş edir, digər ailələrdə isə əqli və fiziki imkanları məhdud uşaqlar dünyaya gəlir? Allahın belə bir təqdirinin hikməti nədən ibarətdir?
 
Cavab:
 
İnsan öz biliyi və dünyagörüşü baxımından məhduddur. Allah isə hər şeyi əhatə edən elmə və sonsuz biliyə sahibdir. İnsan məhdud imkanları səbəbindən müxtəlif hadisələrin arxasında gizlənən ilahi hikməti tam dərk edə bilməz.
 
Bundan əlavə, insan hadisələrə əsasən bu dünyanın çərçivəsindən baxır. Halbuki hər şey Uca Allahın iradəsi və təqdiri ilə baş verir. Əgər hansısa hadisə baş veribsə, deməli, bütün zahiri şərtlər başqa cür olmasına imkan versə belə, həmin hadisənin baş verməməsi təqdir edilməyib. Əgər Allah onun baş verməməsini təqdir etsəydi, xarici şərait necə olursa-olsun, bu hadisə baş verməzdi.
 
Bəs sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi valideynlərin əvvəllər etdiyi günahların nəticəsidirmi?
 
İslama görə, hər bir insan yalnız öz səhvlərinə və günahlarına görə məsuliyyət daşıyır və başqalarının, o cümlədən valideynlərinin və ya övladlarının günahlarına görə cavabdeh deyil.
 
Quranda buyurulur:
 
De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.” (Ənam surəsi, 164)
 
Hədisdə də bildirilir ki, valideyn övladının günahına görə, övlad isə valideyninin günahına görə cəzalandırılmır.
 
Mömin insan dərk edir ki, Allah bu dünyanı insanları imtahan etmək üçün yaradıb. Bu baxımdan, sağlamlıq imkanları məhdud övladın dünyaya gəlməsi həm valideyn, həm də uşaq böyüdükcə onun özü üçün bir sınaq ola bilər.
 
Quranda Uca Allah hər bir insanı mal-dövlət, övlad, sağlamlıq və digər nemət və ya çətinliklərlə sınaqdan keçirəcəyini bildirir:
 
 “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə, 155)

Sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi Allahın Öz qullarını sınağa çəkməsinin nümunələrindən biri ola bilər. Bu sınaq qarşısında səbir edən insan böyük mükafata layiq görülər. Belə bir uşağa göstərilən qayğının, onun tərbiyəsi və qulluğuna sərf olunan hər dəqiqənin savabının qat-qat artırılaraq yaxşı əməllər tərəzisinə yazılacağı bildirilir.
 
İnsanın bir müsibətlə üzləşməsi Allahın ona mərhəmət və lütf göstərmədiyi anlamına gəlmir. Bəlkə də bunun əksi doğrudur: Allah sevdiyi qullarını daha çox sınağa çəkə bilər.
 
Allah bu dünyada bizə müəyyən bir neməti verməyə bilər, lakin Axirətdə onun müqabilində daha xeyirlisini bəxş edə bilər. Hətta ən xoşagəlməz hadisədə belə Allahın mərhəməti və sonsuz savaba nail olmaq imkanı ola bilər.
 
Bəzən insanın qarşılaşdığı bəla və müsibətlər onun İslama yönəlməsinə, imanının möhkəmlənməsinə, həyatda həqiqi dəyərləri dərk etməsinə və Allaha şükür etməsinə səbəb olur.
 
Müəllif: Sayda Hayat”
 
Tərcümə və təqdim etdi: 
Sultan Laçın