Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasına qeydiyyat başlayır.
Moderator.az xəbər verir ki, Bal Yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək.
Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara bilərlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriya şəraitində yoxlanılacaq. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.
Qeyd edək ki, yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi eyni zamanda digər zəruri xidmətlərlə təmin olunacaqlar.